Məhkəmə jurnalisti ev dustaqlığına buraxmadı

İyunun 15-də "Kanal-13" internet televiziyasının həbsdə olan rəhbəri Əziz Orucovun ev dustaqlığına buraxılması və ya girovla əvəzlənməsi barədə vəsatətə baxılıb. Nəsimi Rayon Məhkəməsində keçirilən prosesdə Əziz Orucovu vəkil Cavad Cavadov və Elçin Sadıqov müdafiə edib.

Vəkili Cavad Cavadovun verdiyi məlumata görə, məhkəmə vəsatəti təmin etməyib: "Biz bu qərardan narazıyıq və apellyasiya şikayəti verəcəyik"

Vəkil həmçinin bildirib ki, Ə.Orucov barəsində cinayət işi tamamilə saxtadır və ona qarşı qanunda nəzərdə tutulmamış ittiham irəli sürülüb.

Xatırladaq ki, “Kanal 13” TV-nin Bakı bürosunun rəhbəri Əziz Qaraşoğluna (Orucov) mayın 2-də Nəsimi rayon Məhkəməsinin qərarı ilə 30 sutka inzibatı həbs cəzası verilib. O, İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (polisə müqavimət) maddəsi ilə ittiham edilib.

Ə.Qaraşoğlunun inzibati cəzası başa çatan gün - iyunun 1-də ona qarşı cinayət ittihamı irəli sürülüb. Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində Ə.Qaraşoğlu barəsində Cinayət Məcəlləsinin 192.2.2-ci (qanunsuz sahibkarlıq) və 308-ci (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi açılıb.

Cinayət işi Ə.Qaraşoğlunun təsisçisi olduğu Qafqaz Media Təhqiqatları İctimai Birliyi və “Kanal 13” ilə bağlıdır.

Nəsimi rayon Məhkəməsi Ə.Qaraşoğlu barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçib.

Rakurs TV