Məhkəmə Aleksandr Lapşinin vəsatətini təmin etdi

İyulun 6-da Azərbaycanda həbsdə olan blogger Aleksandr Lapşinin cinayət işi üzrə növbəti məhkəmə prosesi baş tutub

Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesə hakim Əlövsət Abbasov sədrlik edib.

Rakurs TV-nin məlumatına görə, məhkəmə zalına İsrail və Rusiya səfirliklərinin əməkdaşlarından başqa heç kəs buraxılmayıb. 

Prosesdə 3 məcburi köçkün şahid qismində ifadə verib.

A. Lapşinin vəkili bloggerin məqalələrini araşdıran ekspert Almaz Bayramovanın məhkəməyə çağırılması ilə bağlı vəsatət qaldırıb. O, bildirib ki, ekspertin rəyinin mənbəyi aydın deyil, buna görə də, A.Bayramovanın əlavə şahid kimi dindirilməsinə ehtiyac var. 

Məhkəmə vəsatəti təmin edib.

Növbəti proses iyulun 11-ə təyin olunub.

XATIRLATMA

İsrail, Rusiya və Ukrayna vətəndaşlığını daşıyan A. Lapşin Cinayət Məcəlləsinin 281.2 (dövlətə qarşı açıq çağırışlar) və 318.2 (sərhədi qanunsuz keçmək) maddələri üzrə ittiham olunur. O, Azərbaycan Baş Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində istintaqı aparılan cinayət işi üzrə beynəlxalq və dövlətlərarası axtarışa verildikdən sonra 2016-cı il dekabrın 15-də Belarus Respublikasının hüquq-mühafizə orqanları tərəfindən Minskdə saxlanılıb. 2017-ci il fevralın 7-də Azərbaycan Respublikasına ekstradisiya edilib.