Məhbus jurnalistin anası reanimasiyada

Əziz Orucovun anası istintaq idarəsindən xəstəxanaya aparılıb

“Kanal-13”internet televiziyasının rəhbəri, 1 iyunda haqqında  4 aylıq həbs-qətimkan tədbiri seçilən Əziz Orucovun anası Almaz Həsənova Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə aparılıb.

70 yaşlı qadın 3 saat idarədə dindirildikdən sonra vəziyyəti pisləşib və xəstəxanaya yerləşdirilib.

Məlumatı Əziz Orucovun mühacirətdə olan qardaşı Anar Orucov yayıb.

“İyulun 22-də anam Almaz Həsənova Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə aparılıb. Anam 3 saat dindirmədən sonra müstəntiqlər Ramiq Babayev və Orxan Babayev anamı təcili tibbi yardımla xəstəxanaya aparıblar və reanimasiyaya yerləşdiriblər. Anam 70 yaşındadır və insult keçirmiş xəstədir”,-Anar Orucov belə yazıb.

Xatırlatma

“Kanal 13” TV-nin Bakı bürosunun rəhbəri Əziz Qaraşoğluna (Orucov) mayın 2-də Nəsimi rayon Məhkəməsinin qərarı ilə 30 sutka inzibatı həbs cəzası verilmişdi. O, İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (polisə müqavimət) maddəsi ilə ittiham edilmişdi.

Ə.Qaraşoğlunun inzibati cəzası başa çatan gün - iyunun 1-də ona qarşı cinayət ittihamı irəli sürülüb. Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsində Ə.Qaraşoğlu barəsində Cinayət Məcəlləsinin 192.2.2-ci (qanunsuz sahibkarlıq) və 308-ci (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi açılıb.

Cinayət işi Ə.Qaraşoğlunun təsisçisi olduğu “Qafqaz Media Təhqiqatları” İctimai Birliyi və “Kanal 13” ilə bağlıdır.

Nəsimi rayon Məhkəməsi Ə.Qaraşoğlu barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçib.

“Kanal 13” internet televiziyası bir neçə ildir ki, fəaliyyət göstərirdi. İnternet TV-nin təsisçisi bir neçə ildir ki, Almaniyada yaşayan Anar Orucovdur.

Həbs edilən gün Ə.Qaraşoğlunun evində və “Kanal 13” internet televiziyasının Bakı ofisində axtarış aparılıb. Kompüterlər götürülüb.