""Metro Park"da bomba var" dedi, həbs olundu

Faktla əlaqədar cinayət işi başlanılıb

Bakıda ticarət mərkəzinə bomba qoyulması ilə bağlı məlumat verən şəxs tutulub. Məlumatı Daxili İşlər Nazirliyi (DİN) yayıb. Bildirilir ki, həbs edilən şəxs “Metro Park” ticarət mərkəzində “bomba qoyulması” hadisəsi ilə bağlı yalan məlumat yayıb.

“İyunun 11-də saat 14:42 radələrində naməlum şəxs DİN-in 102 "Zəng Mərkəzi"nə mobil telefondan zəng edib Nərimanov rayonu ərazisindəki "Metro Park" ticarət mərkəzinə bomba qoyması barədə məlumat verib. Dərhal müvafiq tədbirlər görülüb, lakin məlumat təsdiqini tapmayıb. Nərimanov Rayon Polis İdarəsinin (RPİ) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində polisə yalan məlumat verən şəxs müəyyən edilərək tutulub”.

Məlumatda o da deyilir ki, faktla əlaqədar Cinayət Məcəlləsinin 216-cı (Terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə ) maddəsi ilə cinayət işi başlanılıb.