Mehman Əliyev: "Onlar bizə qarşı qərəzli olublar"

Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti 7 avqsut 2017-ci il tarixində Turan İnformasiya Agentliyinə qarşı cinayət işi açıb və ibtidai istintaqa başlayıb. Eyni zamanda, həmin departament avqustun 8-də agentliyin fəaliyyətinin səyyar vergi yoxlamasına başlayıb.

Adı çəkilən departamentin qərarı başqa bir departamentin (Bakı Şəhəri Lokal Gəlirlər Departamenti) agentliyə 2014-cü ildən etibarən təxminən 27 min manat (16 200 dollar) əlavə gəlir vergisi, əlavə avans ödənişləri və faiz borcları ilə birlikdə isə 37 min manatdan çox borc hesablanması haqqında qərarına əsaslanır.

Departament hesab edir ki, agentlik gəlirlərini az göstərib. Hər iki departament agentlikdən bütün vergi sənədlərini tələb edirlər.

Agentliyin direktoru Mehman Əliyev Rakurs TV-ə açıqlamasında bu iddiaları təkzib edib: 

"May ayında lokal departament bizə 5 min cərimə yazmışdı. Bizə xəbərdarlıq etmədən hesabımıza olan qanunsuz olaraq çıxarmışdılar. Biz bununla bağlı nazirə şikayət yazdıq nəticədə gəlib bizdə yoxlamalar aparıldı və məlum oldu ki, sən demə bizim borcumuz yox imiş".

Mehman Əliyevin sözlərinə görə, məbləğ onlara geri qaytarılsa da cinayət işi açılıb: 

"Pulu bizə geri qaytardılar. Bizə ərizə verdilər ki, cərimə səhvən yazılıb. Hazırda isə bizə 9 min cərimə yazıb cinayət işi açıblar . Bu onu göstərir ki, onlar bizə qarşı qərəzli olublar. Fakt burasındadır ki, nazirlik bizə heç bir borcumuzun olmamasına dair sənəd təqdim edib".

Artıq “Turan” agentliyi vergi yoxlaması ilə bağlı 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinə iddia ərizəsi ilə müraciət edib. Məhkəmədən agentliklə bağlı nazirliyin çıxardığı qərarların, o cümlədən səyyar vergi yoxlamasının keçirilməsinin qanunsuz və etibarsız sayılması istənilib.

“Turan” agentliyi məhkəməyə müraciətində vergi orqanlarının hərəkətlərinin həm milli qanunvericiliyə, həm də Azərbaycanın ifadə azadlığı ilə bağlı tərəfdar çıxdığı beynəlxalq öhdəliklərə zidd olduğunu vurğulayıb. Agentliyi məhkəmədə Fuad Ağayev müdafiə edir.

Vergilər Nazirliyindən hələlik agentliyə cinayət işi açılmasına şərh almaq mümkün olmayıb.