Mehman Əliyev baş prokurora müraciət edib

Mehman Əliyev baş prokurora müraciət edib

“Turan” informasiya agentliyinin direktoru, hüquq müdafiəçisi Oqtay Gülalıyevin ailəsinin maraqlarının qanuni nümayəndəsi Mehman Əliyev baş prokuror Kamran Əliyevə müraciət edib. Müraciətdə qeyd olunur ki, Oqtay Gülalıyev 2019-cu il oktyabrın 29-da Bakının mərkəzində avtomobillə vurulub, başından aldığı zədə nəticəsində hələ də komadadır: “Oqtay Gülalıyevi vuran sürücü Kənan Abdullayevə yol hərəkəti və qaydalarının pozulması – ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda ittihamı ilə cinayət işi qaldırılıb. Hadisədən təxminən 11 ay keçsə də, Oqtay Gülalıyevin ailəsinin və müdafiə tərəfinin çağırış və tələblərinə baxmayaraq, iş indiyədək məhkəməyə verilməyib.

2020-ci il iyulun 4-də Nəsimi rayon prokuroru Həsən Hanifəyev Oqtay Gülalıyevin vəkili Fuad Ağayevi və məni qəbul etdi. Görüş zamanı bizə istintaqın gedişi və prokurorluğun son hərəkətləri barədə məlumat verildi. Oqtay Gülalıyevin nümayəndəsinin istintaq orqanına – Nəsimi Rayon Polis İdarəsinin istintaq şöbəsinə vəsatətində əksini tapan tələblərin çoxunun təmin edilməsi barədə göstəriş oldu.

Məsələ bundadır ki, 2019-cu ilin sonundan başlayaraq Fuad Ağayev istintaq və prokurorluq orqanlarına müraciətlərinə heç bir cavab almayıb, halbuki həmin orqanlar vəsatət və şikayətlərə baxılmasının nəticələri ilə bağlı qısa müddətdə məlumat verməli idi.

İyulun 4-də keçirilən görüşdə prokuror Həsən Hənifəyev bildirdi ki, istintaq baş verənlərin mənzərəsinin tam bərpasında və işin ədalətli araşdırılmasında maraqlıdır. Prokuror Oqtay Gülalıyevin işini aparan əməkdaşlara tapşırdı ki, zərərçəkənin nümayəndələri ilə bundan sonra sıx ünsiyyət təmin edilsin. İki aydan çox keçib, vəkil hələ də vəsatətə rəsmi cavab ala bilməyib.

Szdən xahiş edirəm ki, vəkil Fuad Ağayevin bütün vəsatətlərinin təmin edilməsi üçün dərhal tədbirlər görəsiniz, habelə istintaq materiallarının baxılması üçün məhkəməyə verilməsini sürətləndirəsiniz”.

Novator.az bildirir ki, 1972-ci il təvəllüdlü Oqtay Gülalıyev 2019-cu il oktyabrın 29-u Bakıda minik avtomobili vurulandan sonra Kliniki Tibbi Mərkəzdə ilkin yardım alıb, koma vəziyyətində, ağır kəllə-beyin travması diaqnozu ilə “City Hospital”a köçürülüb. Oktyabrın 30-u orada əməliyyat olunan hüquq müdafiəçisi noyabrın 1-də Respublika Neyrocərrahiyyə Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Hüquq müdafiəçisi noyabrın 6-da Heydər Əliyev Fondunun dəstəyi ilə Türkiyəyə aparılaraq İstanbulun Avrasiya Hospitalına yerləşdirilib, noyabrın 19-u həmin şəhərdəki Amerika Xəstəxanasına köçürülüb, noyabrın 20-də, 2020-ci il yanvarın 10-da və iyunun 24-də başından əməliyyat olunub.

Oqtay Gülalıyevin avtomobillə vurulması üzrə başlanmış cinayət işi Nəsimi Rayon Polis İdarəsində istintaq olunur. Rəsmi məlumata görə, hüquq müdafiəçisi 28 May və Puşkin küçələrinin kəsişməsində piyada keçidi ilə yolu keçərkən taksi sürücüsü Kənan Abdullayevin idarə etdiyi “Hyundai Accent” markalı avtomobillə vurulub. Kənan Abdullayev barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

Müxalif mövqeyi ilə tanınan Oqtay Gülalıyev 2012-ci ilin aprel-iyun aylarında hakimiyyət nümayəndəsinin tələblərinə fəal şəkildə müqavimət göstərmə və kütləvi iğtişaşlara, vətəndaşlara qarşı zorakılığa çağırış ittihamı ilə həbsdə yatıb. Bu cinayət işi 2016-cı ilin oktyabrında xətm olunub.

Son illər Oqtay Gülalıyev dəfələrlə bəyan edib ki, hüquq müdafiəsi sahəsində fəaliyyətinə görə hədələnir, təqibə məruz qalır.

Facebook