Mehman Hüseynovun səhhətində problem var

Həbsdə olan bloqçu Mehman Hüseynov səhhətindəki problemlərdən əziyyət çəkir. Onun vəkili Şəhla Hümbətova iyulun 10-da Novator.az-a deyib ki, Ombudsman Aparatına müraciət edilsə də, Mehmanın səhhəti ilə maraqlanan olmayıb: “Mehman Hüseynovun ayaqları ağrıyır, damarlarında problem var. İki dəfə ombudsmana müraciət edilmişdi. Müraciətlər onun şəxsiyyət vəsiqəsi ilə təmin olunması və xəstəliyi ilə bağlı idi. Vəsiqə problemi həllini tapdı, Ombudsman Aparatının əməkdaşları 14 saylı Cəzaçəkmə Müəssisəsinə gedib Mehman Hüseynova şəxsiyyət vəsiqəsi verdilər. Amma xəstəliyi ilə əlaqədar heç bir tədbir görülmür.

Mehman əməliyyat olunmalıdır, bununla bağlı həkim rəyi var. Ombudsman mediaya açıqlamasında demişdi ki, guya Mehman cəzaçəkmə müəssisəsində rejimə riayət etmir, futbol oynayır, ona görə ayaqlarından şikayətlənir. Əslində isə bu ağrılar xəstəliklə əlaqədardır. Mehman Hüseynov buna görə yalnız bircə dəfə, o da Bakı İstintaq Təcridxanasında olanda müayinədən keçib”.

Mehman Hüseynov bu il yanvarın 9-da Bakının Nəsimi rayonunda saxlanıb. Onun Bakı şəhər sakini Əkrəm Təhməzovla davaya görə saxlandığı açıqlanıb. Məhkəmənin qərarı ilə Əkrəm Təhməzov 10 gün müddətinə inzibati qaydada həbs olunub, Mehman Hüseynov isə 200 manat məbləğində cərimə edilərək sərbəst buraxılıb.

Yanvarın 10-da Mehman Hüseynov mətbuat nümayəndələrinə verdiyi açıqlamalarda Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının onu oğurladığını, azadlığını qanunsuz məhdudlaşdırdığını, işgəncələrə məruz qoyduğunu deyib. Daxili İşlər Nazirliyi bu iddiaların əsassız olduğunu, polisin işgüzar nüfuzuna xələl gətirmək məqsədi daşıdığını bəyan edib. Ardınca Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayev Mehman Hüseynovu məhkəməyə verib.

Martın 3-də Suraxanı Rayon Məhkəməsi Mehman Hüseynovu Musa Musayevin iddiası əsasında 2 il müddətinə azadlıqdan məhrum edib. Bloqçu polisə ağır cinayət ittihamı ilə böhtan atmaqda təqsirli bilinib.