Mehman Hüseynovun ölkədən çıxışına qadağa qoyulub

Mehman Hüseynovun ölkədən çıxışına qadağa qoyulub

«Mənim bu həftə ərzində Avropa Parlamentində, Avropa Şurasında və bir sıra beynəlxalq təşkilatlarla görüşlərim nəzərdə tutulub. Həm də cərrahiyyə əməliyyatına ehtiyacım var. Azərbaycan səhiyyə sisteminə inanmadığımdan cərrahiyyə əməliyyatının da Avropa ölkələrinin birində keçirilməsini istəyirəm. Aeroportun «pasport kontrol» deyilən ərazisində gömrük işçisi mənə geri qayıtmağımı bildirdi və dedi ki, Baş Prokurorluq ölkədən çıxışıma qadağa qoyub».

 

Bunu bloqer Mehman Hüseynov deyib. O, Baş Prokurorluğun onun çıxışına qadağa qoymasına inanmır: «Mənim adımı sistemə vurduqda, gömrük işçisinin üzünün ifadəsi dəyişdi. O, harasa zənglər etməyə başladı, sonra 4-5 nəfər əlavə şəxslər bizə yaxınlaşdı. Yenə zənglər, yenə zənglər. Sanki yenə də məni bu ölkədə girov saxlamaq üçün əllərindən gələni edirlər».

 

M.Hüseynov artıq səkkizinci ildir ki, ölkədən xaricə buraxılmadığını bildirib: «Mən artıq hüquqi prosedurlardan bezmişəm. Nə qədər şikayət etmək olar?! Həbsdən əvvəl mənə sənədlərimi vermirdilər. Ona görə bu işləri hüquqi yolla nizama salmağa çalışırdıq. İndi cəzamı çəkmişəm, yeni cinayət işinə xitam verilib. Həbsdən sonra arxivim təmiz idi. Yəni heç bir əngəl olmamalı idi. Bütün rəsmi sənədlərimi almışam. Xarici pasportu çox rahatçılıqla almışdım. Mən artıq bu hüquqi prosedurlardan bezmişəm. Yenə də harasa şikayət edim? Görünür bunlar mənim ailəmə yenə nifrətlə yanaşırlar və məni girov kimi saxlamaq istəyirlər».

 

M.Hüseynov ölkəni daimi tərk etmək fikrində olmadığını bildirib: «Sizin vasitənizlə də bildirirəm ki, mənim elə bir planım yoxdur. Mən ölkəmizi daha inkişafda görmək üçün mübarizəmi daxildə davam etdirmək istəyirəm». (azadliq.org)

Facebook