Mehman Hüseynovla bağlı qərar verən, Faiq Əmirliyə hökm oxuyan hakim kimdir?

Azadlığın texniki direktoru Faiq Əmirliyə 3 il 3 ay iş kəsildi. Hökmü Səbail məhkəməsinin gənc hakimi Aytən Əliyeva elan edib. Xanım hakim Azərbaycanın məhkəmə sistemində yeni isimdir.

Bundan əvəl bir dəfə indi həbsdə olan bloqçu Mehman Hüseynovun şikayətini rədd etmişdi. Bildiyiniz kimi, Mehman Hüseynov polis idarəsində ona verilən işgəncə ilə bağlı məhkəmə iddiası qaldırmışdı.

Heydər Əliyevin qızı

Bəs, bu gənc xanım kimdir? Aytən Heydər qızı Əliyeva adından göründüyü kimi sabiq prezidentin adaşının qızıdır. Onun atası bir zamanlar ölkənin biznes aləmində qalmaqalları ilə məşhur olan, “Bala Heydər” adlandırılan iş adamıydı.

Azadlıq qəzetinin məlumatına görə, Bala Heydər “Qorqud” adlı Holdinqin sahibi idi. Onun ən ünlü "əl işlərindən" biri də Bakıdakı Şərq bazarıydı. 2014-cü ildə həmin bu Bala Heydər həbs edilmişdi. O zaman deyirdilər və yazırdılar ki, Heydər Əliyev tikinti maqnatı Şərurlu İsfəndiyarın güdazına gedib. Məsələnin məğzində isə dələduzluq əməli dayanırdı. Bala Heydər dələduzluqda ittiham edilərək tutulmuşdu və məhkəmə qərarı olmadan azadlığa çıxmaq üçün danışıqlar aparırdı.

Amma Bala Heydərlə bağlı məhkəmə çəkişmələrinin tarixi bir qədər əvvəllərə də gedib çıxırdı. Belə ki, hələ 2011-ci ildə ona qarşı Nərimanov rayonunda məhkəmə iddiası araşdırılırdı. A. Rzayev adlı vətəndaş Bala Heydərin şirkətini məhkəməyə vermişdi və iddia edirdi ki, bu şirkət 9 il ərzində çek vermədən ondan bazardakı dükanına görə toplam 50 min dollar kirayə haqqı alıb. Qarabağ qazisi olan Rasim Kazımov o zaman baş prokuror Zakir Qaralova yazdığı şikayət ərizəsində belə deyirdi:

Sahibkar Heydər Əliyevin qanunsuz əməllərindən baş prokurora şikayət edib

“Mən I qrup müharibə əlili kimi yer pulunun 50 faizini ödəməli idim. Bunlardan belə nəticə çıxır ki, 9 il müddətinə yerhaqqı kimi ödədiyim 50 min manata yaxın pulun yarısını ödəməli idim. Dəhşətlisi odur ki, 9 il müddətinə ödədiyim 50 min manatın ödənilməsi barədə mənə bir ədəd də çek verilməyib. Əgər nəzərə alsaq ki, mənim kimi həmin bazarda yüzlərlə adam alverlə məşğul olur, onda təkcə bu formada mənimsəmə və korrupsiyanın məbləğinin yüz milyonlarla manatdan çox olduğu təsdiqlənir.

Məhkəmənin ilk iclasında məndən 9 il müddətində çek vermədən 50-60 min manat pul yığan Heydər Əliyevin nümayəndəsi özünü təqdim etmək istəmirdi. O şirkət əvvəl özünü elə aparırdı ki, guya məndən 9 il ərzində çek vermədən yığılan pullardan xəbəri yoxdur. Ona görə də tabeliyində olan ”Nur” adlı bir şirkəti vermişdilər qabağa. Məhkəmədə sübuta yetirildi ki, “Nur” “Qorqud holdinq”ə tabedir. Nümayəndə də məhkəmə iclasında dedi ki, guya bu holdinq 2005-ci ildə ləğv olunub. Belə olan halda “Qorqud holdinq”in prezidenti Heydər Əliyev oğlu Nihat Əliyevlə o pulları bizdən nə üçün yığmışdı?

“İldə azı 6 milyon icarə haqqı yığılırdı”

Bunlar təsdiq edir ki, həqiqətən “Şərq” bazarına rəhbərlik edən “Qorqud holdinq”in prezidenti Heydər Əliyevlə oğlu Nihatın hərəkətlərində açıq-aşkar xüsusilə külli miqdarda vergidən yayınma cinayətinin əlamətləri var. Təxmini hesablamalarıma görə, 2001-ci ildən bu yana keçən 9 ildə “Qorqud holdinq”in rəhbəri olan ata-bala yalnız məndən 60 min manatdan çox pul alaraq çekini verməyiblər. 100 nəfərdən bu formada alınan pulun məbləği 6 milyon manat edir.

Dediyim kimi, o bazarda 1000-dən çox mənim kimi xırda sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxs var. Bunu nəzərə alsaq, ata-balanın qazancı ildə yarım milyon manatdan çox edir. Qoy istintaq orqanları müəyyənləşdirsin ki, həmin puldan ata-bala nə qədər vergi ödəyiblər”.

Sonra belə xəbər çıxdı ki, həmin Qorqud holdinqi Türkiydə Fətullahçılarla əlaqəsi olan, daha doğrusu, həmin camaatdan olan bir iş adamına veriblər və Bala Heydər holdinqin sahibliyindən və rəhbərliyindən kənarlaşdırılıb.

Sumqayıtda “Atlas” adlı klinikanın da ona məxsus olduğu deyilirdi. Hətta Səhiyyə Nazirliyi bu klinikanın qapanması ilə bağlı Səhiyyə Nazirliyinin qərarı olsa da, “Atlas” fəaliyyətini davam etdirirdi. İndi həmin klinikanın kimə aid olduğu dəqiq bəlli deyil.

Heydər Əliyevin qızı ictimai fəalların məhkəmələrinə çıxmağa başlayır

Daha sonra bu adamın biznes taleyi ilə bağlı xəbərlər səngidi. Yalnız bu ilin mart ayında xəbər yayıldı ki, Şərq Bazarı söküləcək və xəbərlərdə də iddia edilirdi ki, bu bazar hələ də Bala Heydərə məxsusdur.

Heydər Əliyev çoxdandır ki, iş dünyasında yoxdur, adı xatırlanmır. Amma hər halda nəsil davam edir və bu gün onun qızı Aytən xanım Əliyeva Azadlıq qəzetinin texniki direktoru Faiq Əmirliyə heç bir qanuni əsas və arqumentlər olmadan 3 il 3 ay azadlıqdan məhrum etmə cəzasını verdi.

Aytən Əliyevanın tərcümeyi-halında kiçik bir hissə

Rəsmi məlumata görə, Aytən Əliyeva 1979-cu ildə anadan olub. 1996-2002-ci illərdə Bakı Dövlət Universitetinin hüquq fakültəsində balkalavr və magistr təhsili alıb.

Səbail Rayon Məhkəməsinin hakimi iş fəaliyyətinə 2003-cü ildə Bakı İdarəetmə və Texnologiya Kollecinin müəlliməsi kimi başlayıb.
2005-ci ildən 2012-ci ilə qədər ‘Biznes Servis Senter LTD’ Hüquq Müəssisəsinin hüquqşünası kimi fəaliyyət göstərib. 2012-ci ildə Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun hüquq məsləhətçisi işləməyə başlayıb.

Aytən Əliyeva 2013-cü ildən isə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin hakimi çalışmağa başlayıb.