“Meduza”nın araşdırmaçı jurnalisti Rusiyada həbs olunub

Latviyada fəaliyyət göstərən rusdilli media “Meduza” saytının əməkdaşı, araşdırmaçı jurnalist İvan Qolunov Rusiyada həbs edilib.

Bu barədə saytın rəhbəri Qalina Timçenko və baş redaktor İvan Kolpakov bəyanat yayıb.

Bəyanatda deyilir ki, polislər onun evindən narkotik maddə tapıldığını deyib və jurnalist narkotik maddələrin qanunsuz dövriyyəsində ittiham olunub. Saxlanıldıqdan sonra onun telefondan istifadəsinə və vəkil çağırmasına icazə verilməyib. Yalnız 14 saatdan sonra onun sevgilisi – BBC əməkdaşı Svetlana Reiterə İvanın saxlanıldığı barədə məlumat verilib.

Sayt rəhbəri və baş redaktor hesab edir ki, İvan Qolunovun həbsi onun jurnalist fəaliyyəti ilə əlaqədardır:

İvan Rusiyanın ən tanınmış araşdırmaçı jurnalistlərindən biridir. O, son dövrlərdə Moskovadakı nəhəng maliyyə təşkilatları ilə bağlı geniş hesabat təqdim edib. İvan həmçinin, Moskva merinin müavini Pyotr Biryukovun yaxınları və Rusiyada cənazə sənayesini ələ keçirməyi planlaşdıran bir təşkilat haqqında yazıb

Bəyanatda qeyd olunub ki, “Meduza” bunun arxasında kimin dayandığını bilir və yaxında bu məlumatı açıqlayacaq. Həmçinin, sayt jurnalistini bütün mövcud vasitələrlə müdafiə edəcək.