MBH Ermənistanın Gəncədəki terroru ilə bağlı bəyanat yaydı

MBH Ermənistanın Gəncədəki terroru ilə bağlı bəyanat yaydı

İşğalçı Ermənistan qüvvələrinin cəbhə bögəsindən kənarda yerləşən Azərbaycanın Gəncə şəhərini raketlərdən atəşə tutaraq törətdiyi terror nəticəsində dinc əhali arasında baş vermiş ölüm, yaralanma halları və mülki obyektlərin dağıntılara məruz qalmasına görə Müsəlman Birliyi Hərəkatı etiraz bəyanat yayıb.

 

MBH Mətbuat Xidmətinin yaydığı bəyanatda deyilir:

 

"Qəsbkar siyasətindən, cinayətkar xislətindən və insanlıq əleyihə yönəlmiş iyrənc faşist ideologiyasından əl çəkməyən işğalçı Ermənistanın silahlı qüvvələri BMT Nizamnaməsini, beynəlxalq hüququn norma və prinsiplərini, o cümlədən beynəlxalq humanitar hüquq normalarını, habelə elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini kobud şəkildə pozaraq, Azərbaycanın dinc əhalisini bilərəkdən hədəfə almaqla yaşayış məntəqələrini ağır artilleriya qurğularından və raketlərdən mütəmadi olaraq atəşə tutmuşdur.
Təcavüzkar Ermənistan silahlı qüvvələri növbəti dəfə gecə saatlarında cəbhə zonasından 100 km kənarda yerləşən, Azərbaycan Respublikasının ikinci böyük şəhəri, qədim tarixə malik, çoxsaylı mədəniyyət obyektləri olan, əhalinin sıx məskunlaşdığı Gəncənin yaşayış massivini Ermənistan ərazisindən raket atəşinə tutmuşdur. Nəticədə aralarında uşaq, qadın, ahıl insanların da olduğu dinc əhali qətlə yetirilmiş və yaralanmış, çoxsaylı mülki infrastruktur obyektlərinə külli miqdarda ziyan dəymişdir.
Ermənistan rəhbərliyi dövlət səviyyəsində terror aktı törətmişdir!
Beynəlxalq humanitar hüquq normaları, Cenevrə konvensiyaları hərbi əməliyyatların gedişində hərbi və mülki şəxslərin, o cümlədən obyektlərin aydın şəkildə fərqləndirilməsini əsas prinsip kimi tələb etdiyi halda, Ermənistan silahlı qüvvələri məqsədyönlü şəkildə məhz mülki əhalinin sıx məskunlaşdığı Gəncə şəhərini raketlərdən atəşə məru qoymuşdur. Bu, bir daha işğalçı Ermənistanın beynəlxalq hüququn tələblərini tanımadığını, ona saymazyana münasibət göstərdiyini sübut edir.
Xüsusi raket sistemlərindən istifadə etməklə mülki əhalini hədəf seçən işğalçı Ermənistan dövlətinin 1949-cu il tarixli Cenevrə konvensiyaları və onların Əlavə protokollarını, xüsusilə Müharibə zamanı mülki əhalinin müdafiəsi haqqında 1949-cu il 12 avqust tarixli Konvensiyanın, “Silahlı münaqişə zamanı mədəni sərvətlərin mühafizəsi haqqında” 1954-cü il 14 may tarixli Haaqa Konvensiyasının, Uşaq hüquqları Konvesiyasının və insan hüquqları sahəsində digər beynəlxalq sənədlərin müddəalarını kobud şəkildə pozmaqla müharibə cinayətlərini davam etdirməsi nüfuzlu beynəlxalq təşkilatlar və dünya dövlətləri tərəfindən pislənilməli və Ermənistana qarşı beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində ciddi ölçü götürülməlidir.
Təcili olaraq nüfuzlu beynəlxalq təşkilatları və dünya dövlətlərini beynəlxalq hüquququn norma və prinsiplərinin kütləvi və kobud şəkildə pozulması ilə qəsdən törədilmiş və mülki əhalinin qətlə yetirilməsi ilə nəticələnən müharibə cinayətlərini törətməkdə davam edən işğalçı Ermənistan Respublikasından Azərbaycan Respublikasının mülki əhalisinin həyat və sağlamlığına, mülkiyyətinə qəsd edilməsinə, beləliklə də insan hüquq və azadlıqlarının kütləvi şəkildə pozulmasına səbəb olan müharibə cinayətlərinə son qoymaq və beynəlxalq hüquqi məsuliyyət müəyyən edən qətiyyətli addımlar atmaq tələbimizi bəyan edirik".

Müsəlman Birliyi Hərəkatı
Mətbuat Xidməti.
17.10.2020"

Facebook