Masallıda həbs olunan Surac Ağayev azadlığa buraxılıb - Foto

Masallı rayon dindarlarından Surac Ağayev sentyabrın 15-də azadlığa buraxılıb.

Rakurs TV-nin məlumatına görə, 14 saylı cəzaçəkmə müəssisəində cəza çəkən S.Ağayevin bu gün həbs müddəti bitib.

Azadlığa çıxan S.Ağayevi dindarlar qarşılayıb.

O, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 2013-cü il 5 aprel tarixli hökmü ilə 5 il müddətinə azadlıqdan məhrum edilib. Onunla birlikdə daha bir neçə nəfər - Araz Quliyev 8, Xalid Kazımov 8, Ziya Tahirov 7, Rza Ağalı 7, Nicat Əliyev və Namiq Kişiyev 4 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər. Vüsal Quliyevə isə 3 il 6 gün şərti cəza kəsilib. Onlar 2012-ci ilin sentyabrında saxlanılıblar. 

Saxlanılan 8 nəfər Masallıda beynəlxalq folklor festivalı ilə əlaqəli tədbirin pozulmasına cəhd göstərmək, dinc sakinlərə və polis əməkdaşına xəsarət yetirməkdə ittiham ediliblər. Sonradan onlardan bir çoxunun işinə silah və narkotik ittihamı da əlavə edilib.

Xatırladaq ki, həbs olunan Masallı rayon dindarlarından Namiq Kişiyev və Nicat Əliyevin də həbs müddəti artıq bitib.