Masallı sakinləri bələdiyyə sədrinə hiddətləndi: "Məsciddə pivə içib"

Masallı rayon Hüseynhacılı kəndində sakinlərin hiddətinə səbəb olan hadisənin baş verdiyi deyilir.

Kənd sakinləri bələdiyyə sədri olan Rafiq Ağayevdən şikayətçi olublar. Sakinlər "Qafqazinfo" saytına göndəridiyi müraciətdə bildirir ki, mayın 20-də axşam namazından sonra bələdiyyə sədri Rafiq Əliyev sərxoş vəziyyətdə yanında yüngül əxlaqlı qadınla kəndin məscidində olub. Onun hətta ibadət evində pivə içdiyi söylənilib.

Müraciətdə qeyd olunur ki, bələdiyyə sədrinin hörmətsizliyi, əxlaqsızlığı kənddə və rayon camaatında kütləvi narazılığa səbəb olub.

R. Ağayevin cəzalandırılması üçün sakinlər tərəfindən Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinə müraciət edildiyi bildirilib. 

Sakinlərin sözlərinə görə, bu, ilk belə hadisə deyil, onlar bundan əvvəl də eyni vəziyyətin şahidi olublar.

Qeyd olunur ki, məlum hadisəyə görə kənd sakinləri ölkə rəhbərliyinə də imzalı müraciət göndərib. 

Masallı rayon İcra Hakimiyyətinin nümayəndəsi Əlimərdan Abdullayev modern.az-a açıqlamasında bələdiyyə sədri Rafiq Ağayevi müdafiə edib.

O bildirib ki, sakinlərin ittihamı yalandır və bu, Rafiq Ağayevə atılan böhtandır. Böhtana səbəb kənd sakinlərindən birinin torpaq problemidir: “Rafiq Ağayevlə bağlı baş verənlər böhtandan başqa bir şey deyil. Kəndin bir ağsaqqal kişisi torpaq üstündə onu bu cür şantaj edir. Bilirsiniz ki, bələdiyyə sədri torpaqları ölçür və yoxlayır. Bu da həmin adama sərf etmir. O adam torpağı qanunsuz zəbt edib, ferma tikib, işıqpulu ödəmir. Ona görə də Rafiq Ağayevi bu cür yalanlarla şantaj edir".