Lukaşenkonun köhnəlmiş praktikası

Lukaşenkonun köhnəlmiş praktikası

Belarus müxalifətinin yaratdığı Koordinasiya Şurasının üzvləri Mariya Kolesnikova, İvan Kravtsov və Anton Rodnenkov sentyabrın 7-də Minsk şəhərində yoxa çıxıblar. Gün ərzində yaxınları və aktivistlər onları axtarsalar da, heç bir məlumat əldə edə bilməyiblər. Rəsmi orqanlar bu şəxslərin harada olduğundan xəbərlərsiz olduqlarını iddia ediblər.

Bu gün səhər Belarus Dövlət Sərhəd Komitəsi adı çəkilən şəxslərin ölkə ərazisini tərk etməyə cəhd göstərdikləri barədə məlumat yayıb.

“Anton Rodnenkov, İvan Kravtsov və Mariya Kolesnikova sentyabrın 8-də saat 04:00-a yaxın Belarus-Ukrayna sərhədindəki “Aleksandrovka” beynəlxalq avtomobil buraxılış məntəqəsi vasitəsilə Belarus ərazisini tərk etməyə çalışıblar. Rodnenkov, Kravtsov və Kolesnikova BMW avtomobili ilə gömrük nəzarətindən keçərək Ukrayna ərazisinə yönəliblər. Sərhəd naryadına rast gələn avtomobil sürəti kəskin artırıb və sərhəd xidməti əsgərinin həyatına təhlükə yaradıb. Kolesnikova avtomobil vasitəsindən kənarda qalıb. Onu avtomobildən itələyiblər və Ukrayna tərəfə hərəkəti davam etdiriblər”, – deyə Komitədən bildirilib. Qeyd olunub ki, Rodnenkov və Kravtsov Belarusu tərk edə biliblər, Kolesnikova isə saxlanılıb.

Ukrayna Dövlət Sərhəd Xidməti Belarus müxalifətinin Koordinasiya Şirasının üzvləri Rodnenkov və Kravtsovun ölkə ərazisinə keçdiklərini təsdiqləyib. Kolesnikova onlarla birlikdə olmayıb.

Ukrayna daxili işlər nazirinin müavini Anton Geraşşenko isə Belarus müxalifətçilərinin zorla ölkədən çıxarıldıqlarını açıqlayıb:

“Bu, könüllü gəliş deyil. Onları ölkələrindən zorakılıqla çıxarıblar. Mariya Kolesnikovanı Belarusdan çıxarmaq mümkün olmayıb, çünki bu mərd qadın onun sərhəddən keçirilməsinə mane olan hərəkətlər edib və Belarus Respublikası ərazisində qalıb. Onun həyatı və sağlamlığına görə şəxsən Aleksandr Lukaşenko məsuliyyət daşıyır”. 

“İnterfaks-Ukraina” agenliyi xəbər yayıb ki, zorla ölkədən deportasiya edilməsinə cəhd edilən Kolesnikova öz pasportunu cırıb.

Xatırladaq ki, avqustun 9-da keçirilən prezident seçkilərinin real qalibi Svetlana Tixanovskaya 2 gün sonra – avqustun 11-də Belarusu tərk edərək qonşu Litvaya gedib. Onun Mərkəzi Seçki Komissiyasının binasında hədələnərək ölkədən çıxmağa məcbur edildiyi məlum olub. Bir müddət sonra Koordinasiya Şurasının üzvləri Pavel Latuşko  Olqa Kovalkova Polşaya gediblər. Sabiq mədəniyyət naziri P.Latuşko bildirib ki, onun qarşısında seçim qoyulub: ya həbs, ya da ölkəni tərk etmək…

 

 

Göründüyü kimi, M.Kolesnikova həbs yolunu seçib. O, Belarus prezidentliyinə namizəd, “Belqazprombank”ın sədri Viktor Babarikonun seçki qərargahının rəhbəri olub. V.Babariko həbs edildikdən sonra onun qərargahı S.Tixanovskayaya dəstək verib. Kolesnikova Tixanovskaya və prezidentliyə namizədliyi qeydə alınmayan digər müxalifətçi – Valeri Tsepkalonun həyat yoldaşı Veronika ilə birlikdə seçki kampaniyasında aktiv iştirak edib. (Məşhur üç qadın.) S.Tixanovskaya və Veronika Tsepkalo vətəni tərk etdikdən sonra Kolesnikova ölkədə keçirilən etiraz aksiyalarında fəal iştirak edib və proseslər onu önə çıxarıb.

1982-ci il təvəllüdlü Mariya Kolesnikova musiqiçidir. Belarus Dövlət Musiqi Akademiyasını fleytaçı və dirijor ixtisası üzrə bitirib. Milli Akademik Konsert Orkestrinin tərkibində fleytaçı kimi Opera Teatrında, eləcə də Prezident Orkestrində çalışıb. Minsk Musiqi Gimnaziyasında 17 il dərs deyib. Almaniyanın Ştutqart şəhərindəki Ali Musiqi Məktəbində ikinci təhsil alıb. Babarikonun seçki qərargahına rəhbərlik edərkən yəqin, heç ağlına gəlməzdi ki, yaxlın aylarda siyasi proseslərin tam mərkəzində – ən qaynar nöqtəsində yer alacaq və ölkənin gələcəyinə dair qərarlar qəbul etməli olacaq.

 

 

Müxalifətçilərin oğurlanması, ölkədən qovulması, hətta qətlə yetirilməsi Lukaşenko rejiminin çoxdankı praktikasıdır. Bu barədə “Press Klub”da geniş yazı dərc olunub.

Amma fəal müxalifətçilərin ölkədən çıxarılması çətin ki, Belarusda kütləvi aksiyaların dayanmasına səbəb  olsun. Bu aksiyaların unikallığı bundadır ki, ayrı-ayrı önə çıxan aktivistlər, şəxsiyyətlər olsa da, vahid lideri yoxdur. Etirazları hansısa müxalifət partiyası, hansısa siyasi komanda təşkil etmir. Xalq özü sosial media – əsasən “Telegram” kanalları vasitəsilə təşkilatlanaraq meydanlara çıxır. Bənzərsiz bir xalq hərəkatı başlayıb: onun başında duran, kütlələri yönləndirən konkret adamlar, konkret təşkilat yoxdur. Hər kəs liderdir. Yəni, fəal müxalifətçiləri həbs etmək və ölkədən qovmaqla aksiyaları başsız qoyub, dezorqanizasiya etmək mümkün deyil. Üzü qışa doğru kütləvilik bəlkə azala, nümayişlər səngiyə bilər, amma azadlığın dadını almış, öz qorxularını yenmiş və gücünü kəşf etmiş Belarus xalqı Lukaşenkonu bir daha qəbul etməyəcək. Hazırda Belarusdakı rejim xalqdan qoparaq legitimliyini tamamilə itirib və güc strukturlarının dəstəyi ilə ayaqda qala bilir, bu isə uzun müddət davam edə bilməz.

 

Müəllif: Şahin Cəfərli