LQBT əleyhdarları tərəfindən döyülən gürcü jurnalistin ölüm səbəbi açıqlandı

LQBT əleyhdarları tərəfindən döyülən gürcü jurnalistin ölüm səbəbi açıqlandı

Gürcüstanda ötən gün vəfat edən “Pirveli” telekanalının operatoru Lekso Laşkaravanın ilkin ölüm səbəbi açıqlanıb. 

"Civil.ge" xəbər verir ki, ölkənin Daxili İşlər Nazirliyində keçirilən brifinqdə jurnalistin ölümünə səbəb kimi onun narkotik vasitələrdən həddindən artıq istifadə etməsi göstərilib.

Rəsmi məlumata görə, mərhum jurnalistin qanında morfin, kodein, qabapentin və digər narkotik tərkibli dərmanlar aşkarlanıb. Bununla belə, eskpertiza rəyinin ilkin xarakter daşıdığı bildirilib. 

İyulun 11-də teleoperator öz mənzilində ölü vəziyyətdə tapılıb. Bundan beş gün əvvəl isə o, Tbilisidəki iğtişaşlar zamanı LQBT əleyhdarları tərəfindən döyülmüşdü. Laşkaravanın sifətində sınıqlar yaranmış və ona cərrahiyə əməliyyatı edilmişdi. 

Jurnalistin ölümü ilə əlaqədar olaraq "Ölüm həddinə çatdırma" maddəsi ilə cinayət işi açılıb, 5 nəfər saxlanılıb. Laşkaravanın öldüyü məlum olandan sonra Tbilisidə artıq iki gündür ki, baş nazir İrakli Qaribaşvilinin və hökumətin istefası tələbiylə etiraz aksiyaları keçirilir. 

Dünən, iyulun 12-də gürcü parlamentində əlbayaxa dava da düşüb. İnsident müxalifətdə olan jurnalistlər və vətəndaş cəmiyyəti fəallarının parlamentin binasına soxulmasından sonra baş verib. Jurnalistlərin tərəfini saxlayan müxalif deputatlarla hakim “Gürcü arzusu” partiyasından olan deputatlar arasında dava düşüb.

Mühafizənin əməkdaşları araya girəndən sonra tərəfləri sakitləşdirmək mümkün olub. 

Avropa ittifaqının Gürcüstandakı diplomatik missiyası LQBT aksiyaları zamanı baş verən zorakılıqları pisləyib və Gürcüstan hökumətini insanların dinc şəkildə toplaşmaq hüququnu qorumağa çağırıb.

Facebook