EURO : 1,8737 TRY : 0,2585 USD : 1,7 RUB : 0,0214
Lotos fəaliyyətini dayandırdı - FOTOLAR

Lotos fəaliyyətini dayandırdı - FOTOLAR

Bu gün səhər saatlarından etibarən "Lotos" ticarət mərkəzi fəaliyyətini dayandırılıb. Ticarət mərkəzindən satıcılara bildirilib ki, koronavirusla bağlı  qabaqlayıcı tədbirlər məqsədilə, Nazirlər Kabineti yanında Operativ qərargahın qərarlarına uyğun olaraq 1 ay müddətində fəaliyyət göstərməyəcəklər.

 

Rakurs.tv xəbər verir ki, hazırda satıcılar mallarını anbarlara daşıyır və digər bu kimi işləri görürlər. Ticarət mərkəzinin qarşısındakı mağazalar isə sabahdan etibarən fəaliyyət göstərməyəcəklər.

 

Samir adlı satıcı ilə söhbətimiz zamanı bildirdi ki, koronavirusdan qorunmaq məqsədilə, qərar verilməsə də mağzasını bağlamağı düşünüb: "Qərardan öncə burada bir neçə mağaza sahibi öz obyektini bağladı. Çünki alış-veriş yox səviyyəsindədir. Bayram günləri olduğu üçün hesab edirdik ki, insanlar bazara gələrlər. Lakin düşündüyümüzün əksi oldu. Keçən ilin mart ayında "Diqlas" yandığı üçün işləyə bilmədik, bu il də koronavirusa görə işləməyəcəyik".

 

Lakin bəzi satıcılar bildirdilər ki, icazə ala bilsələr, işləməyin tərəfdarıdırlar: "Çünki az da olsa ailəmizə çörək aparırıq".

 

Ən dəhşətli mənzərə isə "Lotos"un arxa hissəsindəki küçədə yaşanır. Belə ki, müşahidə etdik ki, çirkab, palçıq içərisində olan bu küçədə açıq şəkildə toyuqlar, toyuq ayağı, iç-çalat, baş-ayaq və digər bu kimi ət və ət məhsulları satılır. Hətta ərazidə çəkiliş aparan zaman bəzi satıcılar üstümüzə hücum çəkib, onları çəkməməyi də bildirdilər.  Söhbətimiz zamanı bildirdilər ki, onlar da virusun yayılmasından xəbərdardılar:

 

"Virusun yayıldığını biz də bilirik. Ancaq əlimizdəki malı heç olmasa sataq, ondan sonra istirahət edərik. Burada illərdir ki, eynilə belə vəziyyətdə alış-veriş edirik. Camaat gəlir, biz də satırıq. Nə edək? Əgər bizdə evdə oturmağı tələb edirlərsə, heç olmasa bunu kompensasiya da etsinlər", - deyə satıcılar bildirdilər.

 

Söylədilər ki, onlara sabahdan bazarı bağlamaları barədə göstəriş verilməyib...

 

Onu da bildirək ki, Nazirlər Kabineti yanında Operativ qərargah 22 mart tarixində aşağıdakı məlumatı yayıb: "Ümumdünya Səhiyyə Təşkilatının tövsiyə və tələblərindən irəli gələrək qlobal pandemiya elan olunan koronavirusun Azərbaycan ərazisində geniş yayılmasının qarşısının alınması məqsədi ilə ölkə ərazisində bir sıra qaydalar tətbiq olunub, o cümlədən, sosial məhdudlaşdırma tədbirləri həyata keçirilir. Bu məqsədlə kütləvi tədbirlər ləğv edilib, insanların sıx toplaşdığı sosial-mədəni obyektlərin fəaliyyəti müvəqqəti dayandırılıb, restoran və kafelərin iş rejimi qısaldılıb.

 

Bunlarla yanaşı, virusun geniş yayılma sürətini nəzərə alaraq insanların kütləvi toplaşdığı məkanlar üzrə əlavə tədbirlərin görülməsi zərurəti yaranıb.

 

Bu baxımdan nəzdindəki ərzaq mağazaları və apteklər istisna olmaqla, ölkə ərazisində iri ticarət mərkəzlərinin və “Mall”arın fəaliyyəti 23 mart 2020-ci il tarixdə saat 00:00-dan etibarən bir ay müddətinə dayandırılır".

Facebook