London, Paris və İslamabadın Qarabağda atəşkəslə bağlı bəyanatları

London, Paris və İslamabadın Qarabağda atəşkəslə bağlı bəyanatları

Birləşmiş Krallıq Azərbaycan və Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sazişi alqışlayır. Bu barədə Böyük Britaniyanın xarici işlər naziri Dominik Raab öz Twitter hesabında yazıb.

O qeyd edib ki, Azərbaycan və Ermənistan gələcək tələfatın qarşısını almaq üçün çətin qərarlar qəbul ediblər. "Tərəflər vətəndaşların rifahı naminə möhkəm sülhə nail olmaq üçün birgə işləməlidirlər", deyə Raab qeyd edib.

Öz növbəsində, Fransa XİN tərəfləri Dağlıq Qarabağ münaqişəsinin uzunmüddətli nizamlanması üçün danışıqları dərhal bərpa etməyə çağırıb.

"Atəşkəs elan edildikdən sonra tərəflər arasında danışıqların bərpası zəruridir. Fransa ATƏT-in Minsk Qrupunun həmsədri qismində bu səylərdə fəal şəkildə iştirak edəcək", deyə Fransa XİN-in bəyanatında bildirilir.

"Danışıqlar son həftələrdə münaqişə nəticəsində köçürülmüş şəxslərin qayıtmasına və Dağlıq Qarabağın gələcək statusunu müəyyən etməsinə imkan verməlidir", deyə bəyanatda qeyd edilir.

Eyni zamanda, Fransa XİN "erməni xalqı ilə səmimi dostluğunu" qeyd edir, bu da münaqişə tərəflərindən birinə rəğbətin təzahürüdür və bu, Parisin vasitəçilik rolu ilə bir araya sığmır.

Pakistan XİN öz bəyanatında Azərbaycanı işğal edilmiş ərazilərin azad edilməsi ilə əlaqədar təbrik edib.

"Pakistan həmişə Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq və BMT TŞ-nin qətnamələri əsasında həllini dəstəkləyib. Pakistan tərəflərin hərbi əməliyyatları dayandırmaq barədə razılaşmasını alqışlayır. Üçtərəfli razılaşma Cənubi Qafqaz regionunda sülhün bərpası üçün yeni imkan yaradır. Azərbaycan hökumətini və qardaş Azərbaycan xalqını ərazilərin azad edilməsi münasibətilə təbrik edirik", deyə bəyanatda qeyd edilir. 

Facebook