Lənkəranda leysan yağışlar fəsadlar törədib, 3 ailə təxliyyə olunub

Lənkəran rayonunda ötən gecədən başlayaraq intensivləşən leysan xarakterli yağış fəsadlar törədib.

 

Təbii fəlakətdən daha çox rayonun dağətəyi kəndlərində yaşayan sakinlər ziyan çəkiblər. 

 

Belə ki, dağ çaylarının daşması və yuxarı ərazilərdən gələn sel suları yolları və həyətləri basıb. Rayonun Bürcəli, Xanbulan, Yuxarı Nüvədi, Səpnəkəran, Şovu və digər dağətəyi kəndlərində yollarda hərəkət çətinləşib. Avtomobillər yollarda qalıb. Bəzi ərazilərdə selin gətirdiyi torpaq və lil qatı evlərə dolub. Ayrı-ayrı təsərrüfatlarda vətəndaşlara xeyli ziyan dəyib. 

 

Rayonun Bürcəli kəndində sel sularının evə dolması səbəbi ilə 3 ailə təxliyyə edilib. 

 

Qeyd edək ki, Lənkəran rayonunda yağıntının miqdarı normadan çox 99 mm/dəqiqə olub.