''Lider'' telekanalın əməkdaşları maaş ala bilmədiklərini deyirlər

"Sizin "Space” telekanalının işçilərinin əmək haqlarını ala bilməmələri ilə bağlı hazırladığınız yazını oxuduq. Bildirmək istəyirik ki, bizim televiziyada da durum eynidir. Nə az, nə çox – düz 4 aydır ki, maaş ala bilmirik. Bu azmış kimi işçiləri də ixtisar edirlər”, - Meydan TV-yə "Lider” telekanalının işçiləri yazıblar. 
 
Bildirirlər ki, ölkədə dövlət müəssisələrinin əksəriyyəti işçilərinin əmək haqqını gecikdirir. Ondan pisi isə işçilərin ixtisar edilməsidir: 
 
"Düzdür, "Lider” telekanalının müstəqil olduğu deyilir. Ancaq belə deyil. Hamı bilir ki, bu televiziya hakim ailəyə məxsusdur. Onlar tərəfindən maliyyələşdirilir. Daha dəqiq, televiziyanın rəhbəri Ədalət Əliyev prezident ailəsinin qohumudur. Bu, o deməkdir ki, Əliyevlər düz 5 aydır işçilərinə maaş verə bilmirlər. Hardasa 1 ay əvvəl müdiriyyət işçiləri toplayaraq onlara 50 manat payladı. O da hamıya çatmadı. Həmin gündən bəri 1 qəpik də verilməyib”.
 
"Lider” televiziyasından 2 ay öncə işdən ayrılan, adının açıqlamasını istəməyən keçmiş əməkdaşı isə Meydan TV-yə vəziyyətin bilindiyindən də ağır olduğunu söyləyib: 
 
"Telekanal müflis olmaq üzrədir. Əyləncə, şou proqramlarında çalışan texniki komanda ixtisar edilib. Təkcə xəbərlər departamentinin işçilələrinə toxunulmayıb. Vəziyyət o həddə çatıb ki, kanalın gecə növbəsini də ləğv ediblər. Gecə saat 00:00-dan səhər saat 09:00-dək yayım dayandırılır. Televiziyaya məxsus canlı yayım avtomobillərinin AzTV-yə satılması üçün danışıqlar gedir. Oktyabrda televiziyanın satışa çıxarılacağı gözlənilir”.
 
Meydan TV deyilənlərin həqiqət olub-olmadığını öyrənmək üçün "Lider” telekanalı ilə əlaqə saxlayıb. Ümumi şöbədən müdiriyyətin hazırda telekanalda olmadığı, vəziyyətlə bağlı hər hansı açıqlama verə bilməyəcəklərini bildiriblər: 
 
"Bu barədə nəsə deyə bilmərik. Müdiriyyət icazə vermir. Əmək haqqları ilə bağlı sualınızı da cavablamaq səlahiyyətimiz yoxdur”. 
 
"Lider" televiziyasının əməkdaşları 2016-cı ilin noyabrında da müraciət edərək əmək haqlarını ala bilmədiklərini demişdilər: 
 
"Aylardır məvacibimizi ala bilmirik. İşçilərə söz verilir, amma əməl edilmir. Hamı gözləyə-gözləyə qalıb. Bəzi xüsusi ştatlara pul verilir, vəssalam. Qalan hamı pulsuz qalıb".
 
"Lider” televiziyası 1 sentyabr 2000-ci ildə fəaliyyətə başlayıb. Lider TV&Radio Azərbaycan MMC-nin sahibi Ədalət Əliyev adlı şəxsdir. 
 
"WikiLeaks”-in 2010-cu ildə birinci xanım Mehriban Əliyevanın ailəsinə aid bizneslə bağlı araşdırmasında "Lider” TV və "Nərgiz” kosmetika firmasının Paşayevlərə məxsus olduğu deyilirdi. "Paşa Holdinq” də ailəyə məxsusdur. Holdinqə "Paşa Bank”, "Paşa Sığorta”, "Paşa Construction” və "Paşa Travel” daxildir.