Əli Əliyev öz məhkəməsində iştirak etməkdən imtina edib

Əli Əliyev öz məhkəməsində iştirak etməkdən imtina edib

Bakı Apellyasiya Məhkəməsində (BAM) Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevin hakim Yeni Azərbaycan Partiyasının keçmiş funksioneri Ramiz Göyüşovun iddiası əsasında azadlıqdan məhrum edilməsi haqqında hökmdən verdiyi şikayət üzrə hazırlıq iclası keçirilib.

Əliyevin vəkilləri cinayət təqibinə xitam verilməsi və onun azad edilməsi haqqında vəsatət qaldırıblar. Əliyev özü məhkəməyə müraciət edərək, prosesdə iştirak etməkdən imtina etdiyini bildirib. 

"O deyib ki, prosesdə iştirak etməkdə məna görmür, çünki təqsirsiz olmasına baxmayaraq, məhkəmələrin qeyri-obyektivliyi və siyasi sifarişi yerinə yetirmələri səbəbindən bunu sübut edə bilmir", deyə prosesdə iştirak edən hüquq müdafiəçisi Rüfət Səfərov bildirib.

Məhkəmə Əliyevin ərizəsini təmin edib və onu növbəti iclaslarda iştirak etməkdən azad edib. Bununla belə, məhkəmə vəkillərin cinayət icraatına xitam verilməsi haqqında vəsatətini təmin etməyib və mahiyyəti üzrə dinləmələri avqustun 16-na təyin edib.

"Əli Əliyev barəsində hökmlər siyasi xarakter daşıyır. O, hakimiyyəti və şəxsən dövlət başçısını tənqid etdiyinə görə təqib olunur. Məhkəmə təhqiqatları isə formallıqdır. Əli Əliyev ifadə azadlığına görə əziyyət çəkib. Hakimiyyət son vaxtlar söz azadlığı uğrunda mübarizə aparanlara qarşı repressiyaları gücləndirib", Rüfət Səfərov belə hesab edir.

Facebook