Əli Əliyev: Mənim həbsim yerli və beynəlxalq səviyyədə sanksiyalaşdırılıb

Əli Əliyev: Mənim həbsim yerli və beynəlxalq səviyyədə sanksiyalaşdırılıb

Həbsdə olan Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev ictimaiyyətə müraciət ünvanlayıb. 

Məktubda Əliyev həbsinin səbəblərinə toxunub. "Ölkədə ictimai rəyə təsir imkanlarımızın "dözülməz" hala və səviyyəyə gəlməsi, mənə dedikləri kimi "təsir imkanlarımın olmaması" faktoru, Rusiyanın yeni imperiya siyasətinə qarşı tutduğum prinsipial mövqe, hakim komandaya qarşı tutduğumuz faktoloji və arqumentli mövqe, siyasi qurumlara cavabdeh şəxslərin bizi "avtobusa" mindirə bilməməsi buna səbəb olub. 

İlham Əliyevin 2003-cü ildə inauqurasiya törənindən bu günə qədər 19 illik idarəçiliyi dönəmində həbs olunmuş tək partiya sədri və 2 dəfə ona opponent olmuş prezidentliyə namizədəm. Prezidentin şəxsimə belə "sayğı və diqqət" göstərməsi ciddi arqumentlərə söykənməyə bilməzdi".

Bundan əlavə, Əliyev qeyd edib ki, Ukrayna-Rusiya müharibəsi, Dünya-Rusiya qarşıdurması fonunda bu həbsin siyasi dəyəri sırasında beynəlxalq aspekt və diqqətdən kənarda qala bilməz. "Belə ki, Rusiyada Navalnıy, Gürcüstanda Saakaşvili həbsdədir. Belarusun 20-ci ildə seçilmiş prezidenti Tixanovskaya ölkədən qaçsa da, onun həyat yoldaşı yüzlərlə mübarizə yoldaşı ilə həbs həyatı yaşayırlar. Qazaxstanda baş verən hadisələrdə Rusiyanın müxalifəti əzməsi keçmiş SSRİ-nin coğrafiyasında hadisələrin hərarətindən xəbər verir. Yeri gəlmişkən, Ermənistanda Paşinyana qarşı "müxalifətin" fasiləsiz aqressiyası da Kremldən ilham almaqdadır. Ukrayna hadisələri isə imperiyanın bərpası üçün Rusiya liderinin istəklərinin xüsusi dəlilidir. Həm ölkədaxili son 19 ildəki ilk həbs, həm də regionda siyasi müxalifətin həbsləri mənim siyasi motivli zindan həyatımın çəkisini və siyasi nədənlərini ayarlayır. Deməli, mənim həbsim həm ölkədaxili, həm də beynəlxalq motivlidir. Hakimiyyət özü də bilmədən rəqibinin kim olmasını, kimdən çəkindiyini, əsl müxalifətin ünvanını göstərir". 

VİP sədri məktubunda bildirib ki, son dövrlər partiyanın və şəxsən təmsilçi olaraq onun "Osmanqızı" və "Bumerang Media" da Elçin Rəhimzadə ilə həyata keçirdikləri layihələr, onların cəmiyyətdə rəğbətlə qarşılanması, ictimai nüfuzunuzun onlar üçün "təhlükəli" həddə yüksəlməsi hakimiyyəti narahat etməyə bilməzdi, etdi də. "Həbsimdən bir neçə gün əvvəl Adminstrasiya əməkdaşının "Sizə qarşı təsir vasitəmiz yoxdur" deməsi çox mətləblərdən xəbər verir. Belə çıxır ki, təsir altına salmaq üçün vasitə axtarılır. Təsir vasitəsi mənim "sınmağım" və ya "sındırılmağım" ola bilərdi. Sınmaq özümlə bağlı idi. 5 ay müddətində (ilk 50 gün təqribən) göstərilən təsir vasitələri effekt vermədi. Gigiyena vasitələrindən məhrum edilməyim, rabitəyə məhdudiyyət, bitmiş narkotik istifadəçisi, küçə soyğunçusu, ölüm maddəsi ilə gəlmiş dustaqlarla bir kameraya yerləşdirilməyim, ölüm və hədə ilə təhdid edilməyim, bütövlükdə zindana salınmağım gözlədikləri effekti vermədi. Yəni məni şəxsən sındıra bilmədilər". 

Partiya sədrinin sözlərinə görə, fevral ayında izolyasiyada olduğu ilk günlərdən ailəsinə qarşı ciddi planlar işə salınıb. "Ailəmə "əl uzatmağa" cəhd edilib. Bu şəxs tanınmış ictimai adamdır, çıxım, bəzi dəqiqləşdirmələr aparım, ifşa edəcəyəm. Hakimiyyətlə təmasda olan birisidir. Qarşısını içəridən almışam, hər işin öz vaxtı var. Hakimiyyətin bu üslubu cəmiyyətə tanışdır. Bu dəfə əlləri boşa çıxıb. Düzdür, bu şərəfsizliyin fərdi, yoxsa sifarişli olduğunu iddia etmirəm, amma üslub bəllidir. Üslub fərqli olsa da, "materialın" fərqli olduğunu gərək fərq edəydilər. İstəmirdim bunu ictimaiyyət bilsin, amma içəridə süni şəkildə saxlanılmağım göstərir ki, plan qüvvədədir. 20 gün əvvəl ailəmə məxsus atasından miras qalmış  mülkiyyətin də ələ keçirilməsi əməliyyatı başlanıb. Paylı mülkiyyətdə qohumlar arasında mübahisənin olmasını Adminstrasiyada bilirdilər. Bu yolla bizi ailə olaraq mülkiyyətdən də məhrum etmək məqsədi güdülür". 

Onun fikrincə, yeni cinayət işinin başlanması səbəbləri sırasında bu niyyət də yer alır. "Hakimiyyət müxalifəti 3-5 manata möhtac ləlöyün kimi görmək arzusundadır .Ona görə bizim mülkiyyətə "qəsd" planlanır. Hərçənd ki mənim o mülkiyyətə heç bir aidiyyatım yoxdur. Mülkiyyət xanımımın və övladlarının əmlakıdır".

Əliyevin sözlərinə görə, əslində hakimiyyət bu yolla həbsdən bu günə yaşanan təbii stresin miqyasını genişlındirmək istəyir. "Buna qədər də sındırılmağım üçün 2 dəfə hakimiyyətdən himayə edilən bir jurnalist vasitəsi ilə ailəmin Prezidentə müraciət etməsi təklifi verilib. Aydın görünür ki, Azərbaycan əxlaq kodeksinə sığmayan üsullardan çəkinilmir. Bu müddət ərzində partiya rəhbərliyində olan şəxslərin özləri və ailə üzvlərinə müxtəlif üsullarla təzyiqlər edilib. Qərargahımıza da hücumun, pilləkənlərin və məhəccərin sındırılması siyasi mövqeyimizə olan münasibətin təzahürüdür". 

O qeyd edib ki, bütün bunların fonunda bəzi siyasi adamların və mətbuat nümayəndələrinin onun haqqımda hədyan danışıqları ona təsir etsə də, ruhdan sala bilməz. "Məni hakimiyyət qanunsuz olaraq girov götürüb. Bu vəziyyətdən də sui-istifadə cəhdinin sadəcə əxlaqi çərçivələri mövcud deyil. Guya həbsdə saxlanılıb nüfuzumu böyütmək hakimiyyətin planıdır. Yaxud it ilində baş vermiş anlaşılmazlıq, böhtan özünü prinsipial sayan şəxslərin tezislərinə çevrilib. Sanki hakimiyyət barəmdə danışır. Hakimiyyət danışmır, çünki cəmiyyətdə nüfuzunu xərcləyib. Bunlardan istifadə edirlər ki,məni nüfuzdan salsınlar. Sözüm yoxdur. Bir sözlə Allah xalqı aldadanların bəlasını versin, inşəallah. Bir də haqqımda danışanlar qoy sadə bir suala cavab versinlər. Necə olur ki, hakimiyyət məni partiya sədri kimi hədəf edir,digərlərinə heç dəymir, ya da ətrafdakılarından həbsə atır? Niyə belədir?"

Partiya sədrinin vurğulamasına görə o, Azərbaycanda ilk adamdır ki, eyni əmələ görə 2 dəfə mühakimə olunub. "Eyni əmələ görə 2 məhkəməni, 2 qərarı Konstitusiyasının 132-ci maddəsi, Cinayət Məcəlləsinin 8.2-ci maddəsi, Azərbaycan Hökumətinin imzaladığı Avropa Konvensiyasının tələbləri qadağan edir. Buna baxmayaraq mən 2 dəfə Yasamal Rayon Məhkəməsində eyni əmələ görə mühakimə olunmuşam. İşin qondarma və gülünc olması,  ehtimala və mülahizəyə görə həbsimi bir yana, bu həm də təkrar formada baş verib. Bu məntiqlə DSX-nın istənilən əməkdaşı belə şikayət edə bilər və mən sonsuza qədər həbsdə ola bilərəm".

Onun sözlərinə görə, elə ikinci iş gülüş və ikrahdan başqa heç bir hiss doğurmur. "Bu qədər resursu olan bir hakimiyyət "əxlaqsız" adlandırıb partiyadan qovduğu 68 yaşlı mastrubasiya sevdalı və vərdişli birisinin arxasında gizlənir. Rəzalət! Bunlar hər işi özlərinə yaraşdırırlar. Niyyət bəllidir.Mənə qarşı təsir vasitələri tapılmayana qədər məni həbsdə saxlamaq". 

Əliyev qeyd edib ki, onun bunlara o şansı vermək niyyəti yoxdur. "Ailəmin psixoloji durumu məni ciddi şəkildə narahat edir. Qorxu içində səksəkəli yaşayırlar. Mənə doğma 4 qadından 3-ü ciddi şəkildə xəstələnib, digəri isə durmadan ağlayır. Bu vəziyyətə dözə bilmərəm. Bu özbaşnalığa və fironluğa son verilməyənə, hüquq və azadlıqlarım təmin olunmayana qədər mübarizəmi dayandırmayacağam. Bunu şüurlu şəkildə izhar edirəm. Prosses zamanı baş verəcək hər hansı fəsada, yaxud bu gedişatın nəticəsinə görə məsuliyyəti Prezident Əliyev daşıyır. Mən onun məhbusuyam".

Facebook