Əli Kərimlinin mühafizəçisinin həbs müddəti uzadıldı

Əli Kərimlinin mühafizəçisinin həbs müddəti uzadıldı

Niyaməddin Əhmədov qərardan apelyasiya şikayəti verəcək

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin ictimai əsaslarla mühafizəçisi olmuş Niyaməddin Əhmədov haqqında həbs-qətimkan tədbirinin müddəti 5 ay da artırılıb. Bu barədə Meydan TV-yə AXCP mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, N.Əhmədovun istintaq dövründə həbsdə saxlanma müddəti aprelin 23-nə qədər uzadılıb.

Həbs müddətinin uzadılması haqda qərarı Nəsimi Rayon Məhkəməsinin hakimi Azər Tağıyev verib. Baş Prokurorluğun İstintaq İdarəsinin müstəntiqi Ramiq Babayev məhkəmədə prokurorun təqdimatını müdafiə edərək bildirib ki, müddətin uzadılmasına zərurət var, çünki istintaqı yekunlaşdırmaq mümkün olmayıb.

N.Əhmədov isə təqdimata etiraz edib. O bildirib ki, heç bir cinayət törətməyib, təqsiri yoxdur, amma bu ilin aprelindən həbsdə saxlanılır. Siyasi sifarişlə həbs olunduğunu vurğulayan N.Əhmədov Ə.Kərimlinin mühafizəçisi olduğuna görə cəzalandırıldığını bildirib.

AXCP-dən bildirilib ki, həbs müddətinin uzadılması haqda qərardan apelyasiya şikayəti veriləcək: “Apelyasiya məhkəməsində Niyaməddin Əhmədovun başqa bir şikayəti də var. O, 8 aydır ki, ailə üzvlərilə əlaqə saxlaya bilmir. Onun həftədə iki dəfə ailəsilə telefonla danışmaq və həftədə bir dəfə görüşmək hüququ pozulur. Bu pozuntu ilə əlaqədar məhkəməyə müraciət olunub. Amma Sabunçu Rayon Məhkəməsində onun özünü gətirmədən, vəkilinə xəbər vermədən məhkəmə keçirib, ərizənin geri qaytarılması haqda qərar çıxarıblar. Həmin qərardan da apelyasiya şikayəti verilib”.

Niyaməddin Əhmədov da bu ilin aprelindən həbsdədir. Ona öncə karantin rejimi qaydalarını pozma ittihamıyla 1 ay inzibati həbs cəzası verilib. Bu cəza başa çatanda isə barəsində cinayət işi başlanıb, ona qarşı terroru maliyyələşdirmə ittihamı irəli sürülüb. İddia olunur ki, Almaniyada siyasi mühacir kimi oturum almış, sosial şəbəkələrdə Azərbaycan hakimiyyətini, o cümlədən prezident və ailəsini tənqid, bir sıra hallarda təhqir edən Qabil Məmmədov Azərbaycanda terror törətmək istəyib və bu məqsədlə N.Əhmədova pul göndərib.

N.Əhmədov isə ittihamı rədd edir, Ə.Kərimlinin mühafizəçisi olduğuna görə həbs edildiyini deyir. Q.Məmmədovla eyni kənddə vaxtilə qonşu olduğunu deyən N.Əhmədovun sözlərinə görə, saxta ittihamı düzüb-qoşmaq üçün bu məqamdan istifadə olunub.

Facebook