“Leyla” Tibb Mərkəzi Qara Şəhər xəstəxanasının tarixi binasını dağıdıb

“Leyla” Tibb Mərkəzi Qara Şəhər xəstəxanasının tarixi binasını dağıdıb

2019-cu ilin yazında Salaam Cinema cəmiyyətinin gənc fəalları savadlı təbliğat işi apararaq, Bakının mərkəzində tarixi binanın – molokanların keçmiş İbadət Evinin sökülməsinin qarşısını alıblar. Bu evi alan və onun yerində gəlirli yaşayış binası tikməyi planlaşdıran biznesmen öz məqsədinə nail olmayıb. Bəlkə də, hələlik...

Bu ilin iyulunda Bakının Xətai rayonunda Leyla Medical Center-in daxilində olan keçmiş Neftçilər xəstəxanasının ikimərtəbəli tarixi binası ətrafında da bənzər hadisə baş verir. 2019-cu ildə Leyla Şıxlinskaya ona məxsus özəl klinikanı satıb. Klinikanın yeni sahibi kompleksin içərisindəki köhnə binanı sökməyə niyyətlənib və bir tarixi korpusun daxili divarlarını söküb. Keçmiş Qara Şəhər xəstəxanasının xarici divarları və ikinci binası qalıb. Qalan divarların gözəlliyi binanın memarlıq və tarixi dəyərini göstərir.

Qara Şəhər xəstəxanasının binası 1893-1895-ci illərdə imperator II Aleksandrın yüzdən çox işçisi olan müəssisələrdə tibb müəssisələri qurmaq öhdəliyi yaradan 1866-cı il tarixli fərmanını yerinə yetirən Bakı neft sənayesi sahiblərinin qurultayının qərarı ilə tikilib. Tarixi arxivdə aralarında neft maqnatları İsa Hacınski və Hacı Zeynalabdin Tağıyevin də olduğu tikintinin təşəbbüskarlarının Balaxanı, Bibiheybət, Ramanı, Ağ və Qara şəhərlərdə xəstəxana və onların nəzdində aptek tikmək hüququnu hansı çətinliklərlə əldə etdikləri haqqında sənəd saxlanılır.

Müəssisənin tikintisinin və saxlanmasının maliyyələşdirilməsi üçün neft sənayesi sahibləri fond yaradıblar, bu fond hasil olunan hər neft pudu üçün ayrılan vəsait hesabına doldurulurdu.

Qara Şəhər xəstəxanasının baş korpusu 220 nəfərlik idi. Kompleks ərazisində 50 nəfərlik ayrıca uşaq xəstəxanası (1905-ci il) və mamalıq şöbəsi tikilmişdi. Xəstəxanada 36 həkim, 3 dantist, 31 feldşer və mamalıq personalı, 35 tibb bacısı və 23 əczaçı işləyirdi. Onlar hamısı yaxşı maaş alırdı. Onlar arasında məşhur həkimlər də var.

Tarixi binada Azərbaycan tibb muzeyi yaratmaq, xüsusən, ziyarətçilərə həkim Yevsey Qindesi göstərmək olar. O, Bakıda yaşayırdı və kasıb ailələrin uşaqlarını pulsuz müalicə edirdi. 1913-cü ildə buna görə o, bu xəstəxanadan qovulub. Azərbaycan Demokratik Respublikası dövründə Y.Y.Qindes Fətəli-Xan Xoyskinin kabinetlərindən birində səhiyyə naziri vəzifəsini tutub.

 

Binanın xarici divarları qalıb, hələ ki, Qara Şəhər xəstəxanasının iki binasını xilas etmək üçün gec deyil. İctimai fəallar Nicat Əzimzadə və Əbdül Hüseynov bu məqsəd ətrafında birləşiblər. Memar Əbdül Hüseynovun Turan-a verdiyi məlumata görə, əvvəlcə tikinti şirkəti fəalları hədələyib. Amma vəziyyət dəyişib.

“14.07.2021-ci il tarixində Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəhbərliyi ilə görüş keçirilib. Görüş xəstəxananın sökülmüş korpuslarından birinin ərazisində keçirilib. 1895-ci ildə tikilmiş əsas korpusa baxış keçirilib. İndi o, xəstəxana kimi fəaliyyət göstərmir və onu sökməyə hazırlaşırlar, belə ki, FHN bu tarixi binanın qəza vəziyyətində olması haqqında rəy verib. Bu barədə Memarlar İttifaqının sədri Elbəy Qasımzadə məlumat verib. Bizim binaya vizual baxışımız zamanı belə bir rəy və söküntü üçün əsas ola biləcək heç bir ciddi zədələnmə qeydə alınmayıb. Əksinə, korpusun sol və sağ cinahlarında pilləkən boşluqlarının üstündə kesson tavan yaxşı vəziyyətdə qalıb...”, deyə Ə.Hüseynov Turan agentliyinə yazıb.

Hüseynov və Əzimzadə həmçinin binaların dəyərliliyini qiymətləndirmək və onları mədəni irs obyekti kimi qeydiyyata almaq xahişi ilə Mədəniyyət Nazirliyinə müraciət ediblər.

Hüseynov deyir ki, ictimai fəalların fəallığını görən Leyla Medical Center-in rəhbərliyi sökməyə başladıqları binada yenidənqurma işlərini özlərinin aparması təklifi ilə çıxış edib. Fəallar klinikanın təklifinə qarşı çıxırlar.

Leyla Medical Center-də Turan-ın bu klinikanın tarixi binalarla bağlı məqsədi barədə sualını dinləyiblər. Cavab verməyi vəd ediblər, amma sözlərini tutmayıblar.

Dövlət Memarlıq və Şəhərsalma Komitəsinin (DK) əməkdaşı Dilqəm Əzizov şəxsən bu problemlə məşğul olur. O, Turan-la söhbətində bildirib ki, DK-nin qərarı ilə burada söküntü və tikinti dayandırılıb. Əzizovun sözlərinə görə, DK FHN və Mədəniyyət Nazirliyinin bu binanın mədəni dəyərinin olub-olmaması və qəza vəziyyətində olub-olmaması barədə ekspert rəylərini gözləyir.

DK-nin mətbuat xidmətinin rəhbəri Ramiz İdrisoğlu Turan-ın sorğusuna cavabda bildirib ki, tikinti şirkəti keçmiş Qara Şəhər xəstəxanasının sökülməsi və onun yerində başqa bir bina tikilməsi barədə ərizə ilə DK-yə müraciət etməyib. Bu, binanı sökənlərin qanunsuz hərəkət etdiklərini göstərir? Bu suala cavabda R.İdrisoğlu belə deyib: söküntünün qanuna uyğun olub-olmadığını məhkəmə deyə bilər. İcazəsiz söküntüdən danışmaq olar, belə ki, Dövlət Komitəsinə müraciət olmayıb.

Başqa məlumatlara görə, “Leyla” tibb mərkəzindən DK-yə bu yerdə hansısa işlərin həyata keçirilməsi üçün Dövlət Komitəsinə təqdim ediləcək sənədlər paketinin hazırlandığı barədə məlumatla müraciət ediblər. Bu, keçmiş Qara Şəhər xəstəxanasının söküntüsünün davam etməsinə və ya qalan divarların inşaatçıların istəyinə uyğun olaraq bərpasına səbəb olacaq.

Tarixi binanın müdafiəçiləri əmindirlər ki, Mədəniyyət Nazirliyi obyekti qorunan binalar reyestrinə daxil edəcək və Qara Şəhər xəstxanası xilas olunacaq. Milli Məclisin deputatı Erkin Qədirli də binanın qorunması haqqında sorğu ilə Mədəniyyət Nazirliyinə müraciət edib. Nicat Əzimzadənin sözlərinə görə, deputatın müraciəti iyulun 14-də göndərilib, bir ay ərzində Mədəniyyət Nazirliyindən cavab gəlməlidir.

Əzimzadə deyir ki, praktiki olaraq Qara Şəhər xəstəxanasının baş korpusu sökülüb, onun yalnız fasad divarlarının bir hissəsi qalıb. Amma həmin keçmiş xəstəxananın həyətin içərisindəki ikinci korpusuna toxunulmayıb. Bu binaları bərpa etmək və yenidən müalicə müəssisəsi kimi istifadə etmək olar. İndi fəallar iki nazirlikdən - Fövqəladə Hallar və Mədəniyyət nazirliklərindən Bakının tarixinə hörmətə ümid edirlər. Amma bakılılar şəhərin mərkəzində daş atlantlı 3-4 mərtəbəli gözəl yaşayış binalarının necə amansızca söküldüyünü bilirlər...

Facebook