Lal və karlığa qarşı vaksin: Yalçın İmanov

Yalçın İmanovu kim tanımırsa, mütləq onu tanımağa çalışsın. Çünki çox eşidirik, hamı şikayətlənir, “axı niyə bizim ölkədə yalançılar, əclaflıq edənlər, mərifətsizlər, oğrular hər yanı götürüb, yaxşı adamlar yoxdur”?  Yaxşı adamlar var, özü də lap yaxşı. Amma biz bəzən tənbəllik edirik, bəzən isə öz “işimizəyaradığı” üçün onları qiymətləndirmirik, axtarışına çıxmırıq.

Bax, Yalçın o cür insanlardandır. Dürüst, mərd, peşəkar, insansevər…

*

Yalçın bəy vəkildir. Ən çətin işlərə olduqca məsuliyyətli, həssaslıqla can yandırır. Özü də qarşılıq güdmədən. Peşə kodeksinə və yüksək mənəvi meyarlara onun nə qədər bağlı olduğuna birbaşa şahidlik etmiş adamam. Başağrısı deyilsə, yazım.

Qardaşım Muradı tutmuşdular. “Bandotdel”də saxlanılırdı. Muradın işgəncəyə məruz qalması barədə əlimizdə çoxlu informasiya vardı. Yalçını da vəkil seçmişdik. Ancaq, elə o işgəncə faktının ört-basdır edilməsi üçün “bandotdel” qanunsuz olaraq, vəkilin Muradla görüşməsinə imkan vermirdi. İki-üç gün birgə getdik ora, hər dəfə eyni bəhanə ilə görüşə imkan vermədilər. Axırda təklif gəldi…

Təklif belə idi: vəkili görüşə buraxırıq, bir şərtlə. Görüşsün, amma çıxıb deməsin ki, işgəncə olub.

Yalçın bu təklifdən olduqca pərt olmuşdu. Sanki onu təhqir etmişdilər.

O, hirs-pərişanlıq qarışıq hisslə mənə baxıb dedi:

– Bəy, incimə, mən bunu özümə rəva bilmərəm. Mənim əxlaqıma ziddir. İnsan desin ki, məni döyüblər, işgəncə veriblər, mən də çıxıb deyim ki, belə şey olmayıb?!

O çətin günlərdə bu dilxor hadisə mənim üçün nə qədər uca amallarla dolu bir hadisəyəçevrildi, bunu bir özüm bilirəm. Yalçının timsalında əsl insan kəşf edirdim.

Əlbəttə, onu uzun illərdən bəri tanıyırdım. Özünə də demişən, zarafata salıb, inanmayıb: Mən onu “Azadlıq” qəzetinin 90-cı illərdə son dərəcə ağır siyasi söhbətlərlə dolu səhifələri arasında hazırladığı bir səhifəlik özünəməxsus məqalələrdən fərq etmiş adamlardanam. Ancaq qəzet səhifələrində, kitabda çox insan qəhrəman təsiri bağışlaya bilir, həyat isə bir ayrı cürədir. O məsəl necə idi?  “Qardaşın necə adamdı”, deyir, “yoldaşlıq eləməmişəm”. İndi qardaşımın məşəqqətli günləri məni Yalçına yoldaş etmişdi və mən onun söz və əməli bötüvlüyünə şahidlik edirdim.

Çox fərəhləndim. Ona təşəkkür elədim, dedim, başqa cür davransaydın, inciyərdim, sən düz yoldasan.

*

Məqsədim Yalçın İmanovu bəy tərifinə tutumaq deyil. Başımıza açılan oyunları anlatmaq üçün Yalçın indi bir vəsilədir. Bu gün oxudum ki, onu cəzalandırmaq istəyirlər. Özü də “qanun çərçivəsində”!

Nə baş verib?

Sən demə, bu Yalçın bəyimiz bizim son dərəcə humanist, qarışqanı belə tapdalamayan hüquq-mühafizə sistemimizin antik dövrə xas olan qəddar, əzazil obrazını yaratmağa təşəbbüs göstəribmiş. Bəli, inanın zarafat eləmirəm. Türmə “nazir”lərindən biri götürüb elə bu cür məktub yazıb Vəkillər Kollegiyasından xahiş edib ki (ətraflı burdan oxu https://www.azadliq.info/201904.html), biz bütün günü məhbusların üstünə qonan milçəkləri qovan, gecə onların üstü açıq qalanda yorğanlarını sahmanlayan adamlarıq, amma vəkil götürüb mətbuata açıqlama verir ki, biz məhbusları döyürük, onları “çarmıxa çəkirik” və s.

Bilənlər bilir, bilməyənlər üçün qısa xatırlatma edək ki, Nardaranda törədilən qətliamdan sonra həbs olunan Müsəlman Birliyi Hərəkatının üzvlərinə saxlanma yerlərində olmazın dəhşətli işgəncələri verilib. Bu haqda onlar özləri məhkəmədətəfsilatı ilə danışıblar. Daha sonra isə onlara cəzaçəkmə yerlərində də qeyri-insanı rəftar tətbiq olunub, bu haqda məhbusların yaxınları mətbuata məlumat verib. Yəni, ortada heç bir gizli sirrin yayılması-filan yoxdur. Yalçın İmanov da bir vəkil kimi öhdəsinə düşəni edib. “Qobustan” türməsində müdafiə elədiyi Abbas Hüseynin ona dediklərini mediaya çıxarıb. Bundan sonrası (yəni deyilənlərin düz-səhv olması) məhkəmənin və əlaqədar təşkilatların işidir.  Məhkəmələlərin də kəramətinə biz hamımız bələdik. Məhkəmələrimiz məhkəmə olsaydı, birincisi, bu qədər çox günahsız adam, o cümlədən Hacı Tale Bağırzadə ilə birgə tutulanlar türmədə olmazdı, Yalçın İmanovun o açıqlaması da təbii səbəbdən heç olmazdı.

İkincisi, deyəsən, mühacirətdə olmağın ilk fəsadları büruzə verməyə başlayıb, ölkəgündəmini yaxşı tuta, təhlil edə bilmirəm. Axı mən oralarda olanda Azərbaycanda səlahiyyət sahiblərinin tabeçiliyində olanlara (məhkumları hələ bir yana qoyuram) işgəncə tətbiq eləmələri, onları hər fürsətdə alçaltma cəhdləri bir üstün qabiliyyət sayılırdı, indi nə dəyişib? Artıq belə şeylərdə adlarının hallanmasında hiddətlənirlər?! Nə maraqlı!

*

Yalçının və onun kimi adamların bu formada cəzalandırılmasına təşəbbüs göstərilməsi, mənim yadıma Pazolinin lənətlik “Sadonun 120 günü” filmini salır. Biz dəyərli oxucularımızla bir dəfə bu barədə söhbətləşmişdik.

Filmin mövzusu belədir ki, özünü yüksək elitadan sayan, hər gün klassik musiqi, poeziya nümunələri dinləyən, səliqəli geyinən, aristokrat ədalarla bir-birləri iləünsiyyət quran bir qrup şəxs qalada onlarla günahsız adamı əsir saxlayır. Bu əsrlərin başına isə sözlə yazmağa çətinlik çəkdiyim haqq-hesabları gətirir.  Təkrar edirəm, sözlə yaza bilmədiyim.

İndi bizimkilər də o cür edir.  Klassik musiqi festivalları keçirir, dünya mədəni irsinin himayədarlığına iddia edirlər, o biri yandan da günahsız insanların dərisini soyur, gözünü çıxarır və ən pisi, deyirlər ki, öldürdüyümüz, əzdiyimiz adamlar heç ufuldamasınlar da. Bu da azlıq edir, tələb edirlər ki, əzilənlərin ufuldamamağı yetmir, onu görənlər, şahidlik edənlər də lal-kar olsun! Çox eybəcər!

Ancaq, “Sado” əbədi olmayacaq, o da bir gün bitəcək. Pərdələr enəcək və biz o zaman, o murdar səhnələr önündə lal qalmayan yalçınkimilərlə fəxr edəcəyik, vicdanımıza təskinlik verəcəyik ki, heç də hər şey bitməyibmiş…