Küveyt nümayəndəsi İsrail nümayəndəsinə: Şərəfiniz varsa, zalı tərk edin!

Küveyt parlamentinin yüksək rütbəli rəsmisi Rusiyada keçirilən konfransa İsrail nümayəndəsindən zalı tərk etməsini tələb edib.

"Press TV"-yə istinadla xəbər verilir ki, Parlamentlərarası İttifaqın (Pİ) dünən Moskvada keçirilən növbəti konfransında Küveyt Milli Assambleyasının spikeri Ərzuq əl-Ğanim fələstinli deputatların həbsilə bağlı İsrail parlament nümayəndəsinin çıxışından sonra ona qarşı kəskin tənqidi çıxış edib.

"Məşhur bir məsəl var, "utanmırsansa, oynamağa nə var ki?!" İndi bu məsəl təcavüzkar parlamentin (İsrail knesseti) açıqlamasına şamil olunur. Siz indi çantanızı toplayıb bu zalı tərk etməlisiniz, çünki dünya parlamentlərinin hörmətli üzvlərinin reaksiyalarını gördünüz. Əgər zərrə qədər şərəfiniz varsa, elə indicə zalı tərk edin, ey işğalçılar, ey uşaq qatilləri!", - deyə əl-Ğanim israilli parlamentarı hədəfə alıb.

Bu çıxışı konfrans iştirakçıları alqışlarla qarşılayıblar və İsrail nümayəndəsi zalı tərk edib.

Konfransda iştirak edən Fələstin Milli Şurasının nümayəndəsi Əzzəm əl-Əhməd Küveyt nümayəndəsinin çıxışını alqışlayıb və bildirib ki, əl-Ğanimin sözləri bütün ərəb xalqlarının mövqeyini əks etdirir: "Əl-Ğanimin sözləri Fələstin xalqının yaralarına işıq saldı".