Kürdəxanı sakini: Bu ərazidə yaşayanların çoxu müxtəlif xəstəliklərdən əziyyət çəkir

Kürdəxanı sakini: Bu ərazidə yaşayanların çoxu müxtəlif xəstəliklərdən əziyyət çəkir

“Payızdan yaya qədər gölməçələrdən su çəkilmir”

Sabunçu rayonu, Kürdəxanı qəsəbəsindəki yeni yaşayış massivində kanalizasiya sistemi olmadığından çirkab sular küçəyə, oradan isə həyətlərə, hətta evlərin içərisinə dolur.

Sakinlərdən Akif Hüseynov bildirib ki, yağış yaşan kimi vəziyyət daha da pisləşir:

“Bu ərazidə torpaq alıb ev tikdirəndə belə bir problemin yaranacağını bilmədik. Çünki kanalizasiya xəttinin çəkiləcəyi vəd edilmişdi. Uzun illərdir əziyyət çəkirik. Deyirlər ki, qrunt sulardır, qarşısın almaq olmur. Hər yerə şikayət etmişik, dərdimizə çarə qılan yoxdur”.

Sakinlər bildiriblər ki, zirzəmilərə dolan suyu nasoslar vasitəsilə təmizləyirlər. Yenə də evlərin divarları nəmişlikdən qaralıb. “Leysan yağışlardan sonra maşınla məhəllələrə girmək mümkün olmur. Piyada halda isə rezin çəkmə geymək məcburiyyətindəyik. Payızdan yaya qədər gölməçələrdən su çəkilmir”,-şikayətçi söyləyib.

Başqa bir sakin isə deyib ki, gölməçələrin içərisi məişət tullantıları ilə dolur, üfunət ətrafa yayılır: “Ona görə də 5-10 ildir bu ərazidə yaşayanların çoxu müxtəlif xəstəliklərdən, xüsusilə də allergiyadan əziyyət çəkir”.

Sabunçu Rayon İcra Hakimiyyətindən Meydan TV-yə bildiriblərki, rayon ərazisində bir çox yerdə kanalizasiya xətti yoxdur, amma evlərin çoxu da qanunsuz tikilib:

“Tikinti aparılarkən kanalizasiya xəttinin olub-olmadığı nəzərə alınmayıb. Buna görə də kanalizasiya xəttinin çəkilməsi üçün proqram hazırlanmalıdır”.

 

Facebook