``Kupça`mız var, evimizi tərk etmirik` - SAKİNLƏR

Badamdar sürüşmə zonasında tədqiqatlar davam edir, hər gün müxtəlif vaxtlarda müvafiq dövlət qurumlarının əməkdaşları əraziyə baxış keçirir.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN), Fövqəladə Hallar Nazirliyi, AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin əməkdaşları növbə ilə ərazini müşahidə edirlər. ETSN ərazidə Qərargah yaradıb. Sürüşmə zonasında yeraltı suların səviyyəsini aşağı endirmək üçün beş drenaj quyusunun qazılması nəzərdə tutulub, onun üçünün qazılmasına artıq başlanılıb.

 

Dövlət qurumlarının rəsmi qaydada etdiyi xəbərdarlıqlara baxmayaraq, bəzi sakinlər evlərində olduqlarını və çıxmaq fikirlərinin olmadıqlarını deyirlər. Sakinlər bildirib ki, mənzillərinin işığını, suyunu, qazını kəsiblər: "Bizim evlərimizə heç bir təhlükə yoxdur, təhlükə evlərin aşağı hissəsindədir. Badamdarın 13-cü massivinin son 20-25 il kanalizasiya sistemi yoxdur.

 

Sökülməli olduğu deyilən 11 evin hamısının həm bələdiyyə, həm icra hakimiyyətindən sənədi var. Bizim "kupça"mız da var, evlərimizi rəsmiləşdirmişik. İstəyən olsa təqdim də edə bilərik. Bura bizim şəxsi əmlakımızdır. Biz nə vaxt evimizi tərk edirik ki, kompensasiya ilə də razılaşaq? Evlərimizi qoyub çıxmaq fikrimiz yoxdur". (report.az)