Küçədə qalan ailə aidiyyatlı qurumların laqeydliyindən şikayətlənir

Rakurs.tv bir neçə gün əvvəl sosial şəbəkədə qadın və körpəsinin fiziki məhdudiyyətli yaşlı bir qadınla Space Tv-nin yaxınlığında yerləşən binanın həyətində, küçədə yaşaması haqqında məlumat vermişdi. Sonradan yayılan xəbərlərdə bu kiçik ailənin artıq sığınacaqda yerlə təmin olunduğu bildirildi. Lakin dünən bizimlə əlaqə saxlayan Kifayət Hüseynova durumun heç də belə olmadığını, aidiyyatlı qurumlar tərəfindən təhqirlərə məruz qaldıqlarını dedi:
“Sentyabrın 27-də Yasamal İcra Hakimiyyətindən gələn nümayəndə və rayonun sosial müdafiə fondundan olan bir nəfər bizi Zabratda türmə yolunda yerləşən sığınacağa apardılar. Getdik, əşyalarımızı tökdülər zirzəmiyə ki, otaq yoxdur. Gecəni oranın dəhlizində qaldıq, körpə uşaq da qızdırma içində bilmədik neyləyək. Səhəri birtəhər açıb gəldik Yasamal rayon 26-cı polis bölməsinə. Bizi heç dinləmədilər, bölmənin Elxan adlı polis işçisi bizi ağır sözlərlə təhqir edərək itələyib küçəyə saldı. Yasamal rayonunun icra hakimiyyətinə gəldik. Oranın işçisi idi, mənə dedi ki, “sən üç ay qabaq burada olubsan, sənə pul yardımı da etmişik”. Dedim yalan niyə danışırsan? Get bütün kamera qeydlərinə, sənədlərə bax, gör heç bu əlli ildə mənim ayağım bu rayona dəyibmi? Halbuki, mənim bu işə qədər ayağım Yasamal ərazisinə dəyməyib. Eldar Əzizovun müavini və daha adını bilmədiyim bir nəfər idi, qəbulunda olduq. Bizə Bayılda 8-ci bölmənin yanında “OBA market” də yaxınlığında bir aylıq kirayə otaq tutdular, qızım və nəvəmlə burada qalırıq. Söz verdilər ki, ayıın 28-nə kimi bir otaqla bizi təmin etsinlər. Ümid edirik ki, vədlərinin üstündə dayanacaqlar”.