Koronavirus ittihamı ilə həbs olunan cəbhəçi gəncə 1 il 6 ay həbs tələbi

Koronavirus ittihamı ilə həbs olunan cəbhəçi gəncə 1 il 6 ay həbs tələbi

Müdafiə tərəfin heç bir vəsatəti təmin olunmayıb

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) həbsdə olan gənc fəallarından Məhəmməd İmanlıya prokuror 1 il 6 ay azadlıqdan məhrumetmə cəzası istəyib.

Noyabrın 30-da Sabunçu Rayon Məhkəməsində hakim Mirheydər Zeynalovun sədrliyilə keçirilən məhkəmə prosesində M.İmanlının işi üzrə məhkəmə istintaqının yekunlaşdığı elan olunub. Hərçənd, M.İmanlının vəkili Əsabəli Mustafayev bununla razılaşmayıb. O, M.İmanlının ailə üzvlərinin, qonşularının məhkəmədə əlavə şahid qismində dindirilməsini istəyib. Çünki məhkəmədə dindirilən Sabunçu Rayon Polis İdarəsinin üç əməkdaşı iddia edib ki, onlar M.İmanlını iyulun 20-də saxlayıblar. M.İmanlı isə bildirir ki, onu iyulun 16-da evlərindən sahə müvəkkili aparıb, bunu qonşular da görüb. Məhkəmədə dindirilən üç polisdən ikisini isə ümumiyyətlə, tanımır, onun saxlanmasında da həmin adamların iştirakı olmayıb.

Polislər bildiriblər ki, onu saxlayıb, Sabunçu Rayon Polis İdarəsinə aparıblar. M.İmanlı isə deyir ki, onu 13-cü polis bölməsinə aparıblar. Dörd gün orada saxlanılıb.

M.İmanlının sözlərinə görə, onda COVİD-19 olmayıb, bu gün də yoxdur. AXCP fəalı vurğulayıb ki, bölmədə saxlandığı dörd gün ərzində prokurorluqdan gəlib onu “Qarabağa azadlıq” yürüşü ilə əlaqədar dindiriblər. Onun özünü də Baş Prokurorluğun İstintaq İdarəsinə aparıb (iyulun 15-də “Qarabağa azadlıq” yürüşü ilə əlaqədar başlanmış cinayət işinin istintaqı orada gedirdi), sonra bölməyə geri qaytarıblar. Yalnız iyulun 20-də Sabunçu Rayon Polis İdarəsinə aparıb, orada ona qarşı Cinayət Məcəlləsinin 139-1.1 (karantin rejiminin pozulması -xəstəliklərin yayılmasına səbəb olduqda) maddəsilə ittiham irəli sürülüb. Onun sözlərinə görə, bu müddətdə heç bir qoruyucu geyim olmadan saxlanılıb. Bu da sübut edir ki, onun COVİD-19 daşıyıcısı olması haqda yazılanlar həqiqətəuyğun deyil.

M.İmanlı onu da bildirib ki, həbsindən sonra Penitensiar Xidmətin Binə qəsəbəsində yerləşən İxtisaslaşdırılmış Müalicə Müəssisəsinə köçürülsə də, orada müalicə olunmayıb: “Məndə xəstəlik olmayıb axı, nəyi müalicə eləsinlər?”

M.İmanlının vəkili məhkəməyə SMS-icazə barədə sənədi təqdim edib. Vəkilin sözlərinə görə, koronavirus daşıyıcı olan şəxslərə məhdudiyyət qoyulur, dərhal onlarla birlikdə yaşayan şəxslər də nəzarətə götürülür. Əgər M.İmanlı COVİD-19 daşıyıcısı olsaydı, ona SMS-icazə qadağası tətbiq olunardı. Amma nə bu olub, nə də ailə üzvləri müayinə edilib.

Dindirilən polislər M.İmanlının koronavirus xəstəsi olub-olmamasının müəyyənləşdirilməsi məqsədilə əməliyyat tədbiri keçirdiklərini deyiblər. Vəkil isə bildirib ki, qanunvericilikdə polislərin belə əməliyyat keçirməsi nəzərdə tutulmayıb. Deməli, onlar səlahiyyət hədlərini aşıblar, ona görə də ifadələri sübutlar siyahısından çıxarılmalıdır.

Hakim müdafiə tərəfinin vəsatətlərinin heç birini təmin etməyib.

Vəkil Əsabəli Mustafayev çıxışında da, M.İmanlı özü son sözündə də məhkəmədən bəraət hökmü çıxarılmasını istəyib.

Hakim hökmü dekabrın 1-də səhər saat 11.00-da elan edəcək.

M.İmanlının himayəsində iki azyaşlı uşaq var. Onlardan biri avqust ayında – M.İmanlının həbsindən sonra doğulub.

Facebook