Komitə sədri: Qonşu ölkələrdə dərmanların qiyməti bir neçə dəfə ucuzdur

Komitə sədri: Qonşu ölkələrdə dərmanların qiyməti bir neçə dəfə ucuzdur

Noyabrın 16-da Səhiyyə nazirinin əvəzi Teymur Musayev Azərbaycanda dərmanların keyfiyyətinin yaxşılaşdırılması və qiymətləri ilə bağlı təkliflər hazırlandığını bildirib.

Artıq illərdir ki, Azərbaycanda dərmanların keyfiyyəti və qiymətləri ilə bağlı müxtəlif şikayətlər eşidilir. Üstəlik də, "Dövlət rüsumu haqqında" Qanuna təklif edilən dəyişikliyə əsasən, dərman vasitələrinin və maddələrinin dövlət qeydiyyatı 100 manatdan 150 manata qaldırılır.

Prezidentin altı il əvvəlki sözləri

Hələ altı il əvvəl Nazirlər Kabinetinin 2015-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyev dərman preparatlarının qiymətlərinə toxunaraq bunları demişdi: "Mən xüsusi göstəriş vermişdim ki, bütün apteklərdə ciddi nəzarət təşkil edilsin və qiymətlərin qalxmasına imkan verilməsin… Bəzi hallarda dərmanların qiyməti bir neçə dəfə, bəzi hallarda 10 dəfə şişirdilir. Yəni, burada tamamilə özbaşınalıq və anarxiya hökm sürürdü. Kim dərmanı hansı qiymətə istəyirdi, o qiymətə də satırdı. İnsanlar da məcbur olub o dərmanları alırdılar, böyük vəsait xərcləyirdilər, xüsusilə pensiyaçılar ki, onlara daha çox dərman lazımdır...".

O, sözügedən iclasda bu sahədə vəziyyətin tamamilə nəzarətə götürülməsi üçün müvafiq tapşırıqlar vermişdi.

"Bu istiqamətdə işlər görüldü. Ancaq…"

Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov da "Turan"a bildirib ki, Prezident İlham Əliyev dərman qiymətlərinin optimallaşdırılması və apteklərdə olan dərmanların keyfiyyətinin yüksəldilməsi ilə bağlı göstəriş verib: "Bu istiqamətdə müəyyən işlər görüldü. Ancaq bu günləri dərman bazarında, apteklərdə olan dərmanların həm keyfiyyəti, həm də qiyməti əhalidə böyük narazılıq və narahatlıq doğurur".

Deputat qeyd edib ki, qonşu ölkələrdə dərmanların bugünkü qiyməti Azərbaycanda satılan dərmanların qiymətindən bir neçə dəfə ucuzdur: "Bu istiqamətdə addımlar atılmalıdır".

"Dərmanların keyfiyyəti çox aşağıdır"

Tibb üzrə elmlər doktoru Adil Qeybulla da AzadlıqRadiosuna bildirib ki, dərmanların keyfiyyət parametrləri çox aşağıdır: "Azərbaycana dərman gətirən şirkətlər bu məsələ ilə bağlı çox ciddi sorumludurlar".

Professor hesab edir ki, Azərbaycanda qiymətlər real qiymətindən qat-qat bahadır: "Bizdə dərmanların qiyməti, az qala, Avropanın yüksək keyfiyyətli dərmanların qiymətləri ilə eynidir. Bu da qətiyyən qəbuledilməzdir, çünki Azərbaycan vətəndaşının gəlirləri çox aşağıdır. Bu baxımından da dərman bazarında çox arzuolunmaz bir vəziyyət hökm sürür".

"Dərman təhlükəsizliyi konsepsiyası…"

Onun fikrincə, ölkəyə daxil olan bir çox dərman maddələrinin üstündə yazılmış istehsal yeri və tərkibi çox şübhəlidir: "Dərman təhlükəsizliyi konsepsiyası Milli Təhlükəsizlik Konsepsiyasının tərkib hissəsidir. Ona görə də dərmanın idxalına ciddi nəzarət lazımdır. Amma bundan əvvəl dövlət farmakopeyası, dərman maddələrinin dövlət reyestri yaranmalıdır. Azərbaycana idxal olunan bütün dərmanlar ictimaiyyətə açıq və onların istehsalı ilə bağlı məlumatlar dürüst olmalıdır".

Yazıda səslənən fikirlərə ölkəyə dərman idxal edən şirkətlərdən münasibət isə almaq mümkün olmayıb.

 

AzadlıqRadiosu

Facebook