Kəmalədin Heydərov tapıldı, bəs Zakir Həsənov, Oqtay Şirəliyev, Fuad Muradov haradadırlar?

Kəmalədin Heydərov tapıldı, bəs Zakir Həsənov, Oqtay Şirəliyev, Fuad Muradov haradadırlar?

Fövqəaldə vəziyyətlərdə dövlət məmurlarının fəaliyyəti daha çox diqqət çəkir. Ermənistanla Azərbaycan arasında münaqişənin yenidən alovlandığı günlərdə bəzi yüksək vəzifəli məmurların gözə dəyməməsi hakimiyyət komandasının 4-5 nəfərdən ibarət olması təssüratını yaradır. 
 
Prezident İlham Əliyev, onun köməkçisi Hikmət Hacıyev, xarici işlər naziri Ceyhin Bayramov, baş prokuror Kamran Əliyev – ictimaiyyətlə təmasda olan, cəmiyyəti informasiyayla təmin edən hakimiyyət mənsubları yalnız bunlardır. 
 
Ərazisində müharibə gedən ölkənin müdafiə naziri Zakir Həsənov Təhlükəsizlik Şurasının sentyabrın 27-də - döyüşlərin ilk günündə keçirilmiş iclasında işğaldan azad edilmiş kəndləri sadalayandan sonra heç yerdə, hətta cəbhə bölgəsində də, raket atəşinə məruz qalan Gəncə və Mingəçevir şəhərlərində də görünməyib. Nazirin "Twitter”, "Facebook” kimi sosial şəbəkələrdə hesabları olmadığı üçün onun fəaliyyətini bu müstəvilərdə də izləmək mümkün deyil. 
 
Z.Həsənovun müavini Nəcməddin Sadıqov da gözə dəyməyənlərdəndir. Onunla bağlı sosial mediada müxtəlif versiyalar səslənməkdə, hətta işdən uzaqlaşdırılması və həbs olunması haqqında şaiyələr də dolaşmaqdaydı. Həmin günlərdə onun və nazirin sosial mediada, KİV-də yayımlanan fotolarının da xəbər yükü yox idi. 
 
Yeri gəlmişkən, oktyabrın 4-də ölkənin ikinci böyük şəhəri Gəncəyə raket atılanda Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerində olsalar da, nazir Kəmaləddin Heydərov ora getməmişdi. Onu ictimaiyyət ancaq oktyabrın 13-də - Gəncə ikinci dəfə raket atəşinə məruz qalandan sonra bu şəhərdə görə bildi.
 
K.Heydərovun "Feysbuk” profilindəki son paylaşım 2015-ci ilin iyun ayına aiddir - Avropa Oyunlarında göstərdiyi xidmətlərə görə prezidentin onu "Vətənə xidmət” ordeni ilə təltif etməsindən yazıb.
 
Daha bir laməkan nazir Oqtay Şirəliyevdir – döyüşlərin gedişində 200-dən çox mülki şəxs yaralanıb, cəbhə bölgəsində həlak olanlar arasında həkimlər də var, amma səhiyyə naziri sükut edir. Səhiyyə Nazirliyinin saytında O.Şirəliyevin fəaliyyətinə aid cəmi bir xəbər var – 29 sentyabr 2020-ci il tarixli xəbər O.Şirəliyevin türkiyəli həmkarı Fəxrəddin Qocayla telefon danışığı barədədir. 
 
Sosial şəbəkələrdə Diasporalarla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun fəaliyyəti haqqında da tənqidi fikirlər yazılır, qeyd olunur ki, döyüş günlərində Avropa və ABŞ-dakı erməni diasporaları çoxsaylı aksiyalar keçirərək həmsədr dövlətlərin başçılarına təzyiq etdikləri halda, Azərbaycan diasporaları yalnız fəaliyyətsizliklərilə diqqət çəkirlər. 
 
Xatırladaq ki, 12 iyul insidentində – Azərbaycan-Ermənistan sərhəddində (Tovuz rayonu ərazisində) silahlı toqquşma zamanı prezident İlham Əliyev xarici işlər naziri Elmar Məmmədyarovu fəaliyyətsizliyinə görə  kəskin tənqid etmiş, sonra da vəzifəsindən azad etmişdi. "Dövləti öz evi və onun vətəndaşlarını öz ailə üzvü bilməyənlərdən dövlətə məmur olmaz” – İ.Əliyev onda belə demişdi.
 
"Cəmiyyətlə dövlət xadimləri arasında kommunikasiya kanalı formalaşmayıb”
 
İctimai fəal Toğrul İsmayılov deyir ki, bu, ənənəvi problemdir, uzun illərdir vəziyyət belədir: "Ölkədə vaxtaşırı bazarlar, ticarət mərkəzləri yanır, amma rəsmilərdən bununla bağlı nadir hallarda açıqlama almaq mümkün olur. Bunun da səbəbi cəmiyyətlə dövlət xadimləri arasında kominikasiya kanalının oturuşmamasıdır”.
İctimai fəal həmçinin bildirir ki, Azərbaycanda hərbi vəziyyətlə əlaqədar hadisələri sorğulamaq vərdişi formalaşmayıb: "Nə şəhid, nə də yaralıların dəqiq statistikası cəmiyyətə məlumdur. Digər tərəfdən, internet imkanlarının məhdud olması nəinki beynalxalq aləmin, eləcə də ölkənin baş verənlərdən məlumatlı olmasını əngəlləyir”.
 
T.İsmayılov qeyd edir ki, məmurlar məsuliyyət hiss etmədikləri üçün lazımi anda lazımi yerdə olmur, hesabat vermirlər: "Cəmiyyətdə tələbkarlıq olmadığına görə məmurlar özlərini rahat hiss edirlər, hətta indiki fors-major hallarda belə üzə çıxmırlar. On agörə də hər hansı nazirdən adekvat reaksiya gözləmək mənasızıdır”.
 
"Yaxşı olar ki, bunu onların özlərindən soruşasınız”
 
Deputat Cavid Osmanov nazirlərin "itkin” düşməkliyi haqda danışmaq istəməyib: "Vəzifə öhdəliklərini bu vəzifəli şəxslərin özündən soruşmaq daha doğru olar. Ölkə gündəmi ilə bağlı prezident yetərincə aktivlik göstərir, məmurlarınsa hər birinin öz öhdəliyi var”.
 

Facebook