Kəmaləddin Heydərov partlayış yerində - FOTO

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Gəncə şəhərində partlayış baş verən əraziyə baş çəkib. Vəziyyətlə tanış olan nazir jurnalistlərə açıqlama verib. 

 

 

K.Heydərov bildirib ki, hadisə zamanı dağıntılar altında qalan 3 nəfər ölüb, 1-i isə ağır yaralanıb: "Səhər saat 5:45-də hadisə barədə məlumat daxil olub. Partlayış zamanı üç nəfər ölüb, bir nəfər isə ağır yaralıdır. Yaralı hərbçi olduğundan hospitala yerləşdirilib. Onun vəziyyətinin də ağır olduğu bildirilir. Hazırda axtarış-xilasetmə işləri davam etdirilir. Kinoloji xidmətin itlərindən hər hansı reaksiya olmasa təmizləmə işlərinə başlanacaq. Sonra isə binanın qalıb-qalmaması və ya sökülüb yenidən tikilməsi barədə qərar veriləcək".

 

11:19

 

***

 

Gəncə şəhərinin Kəpəz rayonunda yaşayış binasında baş vermiş uçqunla əlaqədar olaraq fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov və Nazirliyin digər rəhbər şəxsləri hadisə yerinə gəliblər.

 

Bu haqda Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. 

 

Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov qəza-xilasetmə işlərinin gedişatı ilə yaxından tanış olub. O, xilasetmə tədbirlərinin daha operativ həyata keçirilməsi üçün müvafiq tapşırıqlar verib.​