Kəlbəcərdə ağacların kəsilməsi ilə bağlı beynəlxalq təşkilatlara müraciət edilib

Kəlbəcərdə ağacların kəsilməsi ilə bağlı beynəlxalq təşkilatlara müraciət edilib

“Ermənistanın Qarabağ ərazisində törətdiyi ekoloji cinayətlərin qarşısını almaq üçün heç bir ciddi tədbir görülmür”

Kəlbəcərin Azərbaycana təhvil verilməsinə günlər qalıb. Beynəlxalq mediada az qala hər gün rayonun boşaldılması, ermənilərin köçü ilə bağlı reportajlar gedir. Kimi “Dadivank” adlandırdıqları monastrı ziyarət edir, kimi köç hayındadır, kimi də əşyalarını çıxarandan sonra evinə od vurub yandırır. Səbəb kimi də azərbaycanlılara qalmasını istəmədiyini göstərir.

Evləri odlamaqla başlayan proses məktəblərin, dövlət binalarının yandırılması ilə davam edir. Hətta meşələrdəki ağacları kəsənlər, meşələri yandıranlar da var.

Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin birgə imzaladığı bəyanatla Rusiya sülhməramlıları Qarabağa gəldi.

Sənədə görə, Azərbaycan işğaldan azad etdiyi ərazilərdə qalır. Dekabrın 1-dək Kəlbəcər, Ağdam və Laçın rayonlarının Azərbaycana qaytarılması nəzərdə tutulur. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Kəlbəcər təbiətinə vurulan ziyana görə bir neçə beynəlxalq təşkilata müraciət edib.

Nazirlik Kəlbəcər rayonunda ermənilər tərəfindən meşələrin qəsdən yandırılması, ağacların kütləvi şəkildə qırılması kimi ekoloji cinayətlərə son qoyulması və bu cinayət faktlarının beynəlxalq ekoloji təşkilatlara çatdırılması məqsədilə beynəlxalq tərəfdaş təşkilatlarla onlayn görüşlər keçirib.

Məlumatı Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) yayıb.

“BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə ofisi, BMT-nin İnkişaf Proqramının (UNDP) Azərbaycan üzrə ölkə nümayəndəsi ofisi və BMT-nin Ətraf Mühit Proqramının Avropa üzrə Regional Nümayəndəliyinin ofisi ilə ayrı-ayrılıqda keçirilən onlayn görüşlərdə Qarabağ bölgəsinin təbii sərvətlərinə, ətraf mühitinə, biomüxtəlifliyinə zərər dəyməsi, qiymətli ağac və kol növləri ilə zəngin meşələrimizin məqsədli şəkildə məhv edilməsi barədə bir daha xarici təmsilçilər məlumatlandırılıb”, - nazirlik bildirir.

Məlumatda deyilir ki, bu halın dayandırılması üçün ETSN tərəfindən ekologiya və ətraf mühitin mühafizəsi sahəsində fəaliyyət göstərən ümumilikdə 31 beynəlxalq təşkilata müraciət ünvanlanıb:

“Müraciətlərdə qeyd olunub ki, beynəlxalq təşkilatlar Ermənistanın Qarabağ ərazisində törətdikləri faktiki ekoloji cinayətlərin qarşısını almaq üçün heç bir ciddi tədbirlər görmür, əksinə, buna göz yumur. Qarabağ ərazisində, Kəlbəcər rayonunda davam etdirilən ekoloji terror aktları, təbiətin vəhşicəsinə talan olunması və bunlara son qoyulması ilə bağlı Azərbaycan tərəfinin haqlı tələbi beynəlxalq təşkilatların diqqətinə çatdırılıb. Bütün bölgəyə təsir edən və qlobal miqyasda bərpaolunmaz ekoloji nəticələrə səbəb olacaq bu dəhşətli əməllərə təcili reaksiya və ədalətli qiymət verilməsi tələb edilib”.

Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində sentyabrın 27-də ağır döyüşlər başlamışdı. Döyüş əməliyyatları noyabrın 9-dək davam edib. Bu 44 gün ərzində Azərbaycan tərəf 280-dək kəndin, dörd qəsəbənin (Hadrut, Mincivan, Ağbənd, Bartaz), Şuşa və daha dörd şəhərin (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı) işğaldan azad edildiyini açıqlayıb.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

Facebook