Kiyevdə etirazçılar və polis arasında qarşıdurma olub

Kiyevdə Ali Radanın yaxınlığında etirazçılar və polis arasında qarşıdurma olub. “RİA Novosti”yə istinadən verilən xəbərə görə, polis əməkdaşları etirazçıların quraşdırdığı çəpərə yaxınlaşaraq, Radanın qarşısında gecələmək məqsədi ilə yaradılan “çadır şəhərciyi”nə daxil olacaq şəxsləri yoxlamaq niyyətində olduqlarını bildiriblər. Buna qarşı çıxış edən etirazçılar və polis arasında qısamüddətli qarşıdurma baş verib, ərazidə quraşdırılmış metal çəpər aşırdılıb.

Hazırda vəziyyət nisbətən stabilləşib.    

Məlumata görə, polis əməkdaşları Ali Rada və “çadır şəhərciyi”nə aparan yolları nəzarətə alıb. Etirazçılar isə, öz növbəsində, şəhərciyin perimetri boyu düzülüblər.   

Qeyd edək ki, Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvilinin lideri olduğu Yeni Qüvvələr Birliyi, Alternativlər, Həqiqət, Batkıvşina, Özünə Dəstək və digər partiyaların tərəfdarları, o cümlədən “Sağ sektor”, “Milli Korpus” təşkilatlarının üzvləri Kiyevdə Ali Radanın qarşısındakı Konstitusiya meydanında aksiya keçirir.

Aksiya ilə əlaqədar Kiyevin mərkəzində təhlükəsizlik tədbirləri gücləndirilib, bəzi küçələr qismən bağlanıb, təhlükəsizliyin təmin edilməsinə 3,5 min polis əməkdaşı cəlb olunub.

Aksiya təşkilatçıları və iştirakçıları parlamentdə deputat toxunulmazlığını ləğv etməyi, seçki qanunvericiliyini dəyişməyi, eyni zamanda Antikorrupsiya Məhkəməsi yaratmağı tələb edirlər.