KİVDF-də 16 milyon manatın təyinatı üzrə xərclənmədiyi müəyyənləşib

KİVDF-də 16 milyon manatın təyinatı üzrə xərclənmədiyi müəyyənləşib

Ötən il Hesablama Palatası tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna (KİVDF) büdcədən ayrılan vəsaitlərin icrasına dair maliyyə və uyğunluq auditi üzrə aşkar edilmiş və ümumilikdə 16,2 mln. manat məbləğində vəsaiti əhatə edən nöqsanlarla bağlı materiallar Baş Prokurorluğa göndərilib.

Bu barədə “Hesablama Palatasının 2020-ci ildə fəaliyyəti haqqında” hesabatda bildirilir.

Hesabatda qeyd edilib ki, vəzifəli şəxslər tərəfindən dövlət satınalmaları haqqında qanunvericiliyin tələblərinə əməl edilməməsi, vəsaitlərin təyinatı üzrə istifadə edilməməsi, tikinti norma və qaydalarının pozulması, kütləvi informasiya vasitələrinə yardımların qanunvericiliyin tələblərinin pozulması ilə verilməsi və digər hallar üzrə aşkar edilmiş materiallar Baş Prokurorluğa göndərilib.

Eyni zamanda Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən təqdim edilmiş məlumata görə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunda 2017-2020-ci illəri əhatə edən dövr üzrə qanunsuz olaraq xərclər smetasından artıq məbləğdə pul vəsaitlərinin xərclənməsi haqqında daxil olmuş müraciətlə bağlı 12 iyun 2020-ci il tarixində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4, 308.1, 308.1-2 və 308.2-4-cü maddələri ilə başlanılmış və istintaqı aparılan cinayət işi üzrə təqsirləndirilən şəxslərin mülkiyyətində olan qeyri-yaşayış, torpaq və bağ sahələri, həmçinin fərdi yaşayış evləri, mənzil və avtomobillərin üzərinə Binəqədi Rayon Məhkəməsinin müvafiq qərarı ilə həbs qoyulub.

Azpost.info

Facebook