EURO : 1,8873 TRY : 0,2491 USD : 1,7 RUB : 0,0242
Kirayə qaldığınız evi ala biləcəksiniz - ŞƏRTLƏR

Kirayə qaldığınız evi ala biləcəksiniz - ŞƏRTLƏR

Azərbaycanda evləri satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizmi yaradılır. Belə ki, Azərbaycan Prezidenti İlham Əliyev “Yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizminin yaradılması haqqında” fərman imzalayıb. Fərman ölkədə əhalinin yaşayış sahəsi ilə təminatı mexanizmlərinin təkmilləşdirilməsi, şəxsi vəsaiti yetərli olmayan vətəndaşların yaşayış sahələrinə tələbatının ödənilməsi, satmaq öhdəliyi ilə kirayə hüquq münasibətlərinin inkişafının təmin edilməsi məqsədi daşıyır.

 

Fərmanla “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə verməsi Qaydası” təsdiq edilib. Nazirlər Kabinetinə prezident aktlarının bu fərmana uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb prezidentə təqdim etmək, həmçinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib prezidentə məlumat vermək, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə beş ay müddətində Prezidentə məlumat vermək, bu fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

 

Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu bu fərmandan irəli gələn məsələləri həll etməli, Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verməlidir.

 

Bəs görəsən, yeni mexanizmlə sadə vətəndaşların ev alma prosedura necə baş verəcək? Bu proses hüquqi baxımdan necə tənzimlənəcək? Yeni mexanizmin ipoteka qaydalarından fərqi və üstünlüyü nədir?

 

İqtisadçı ekspert Natiq Cəfərli bildirdi ki, bu qərar tikinti ilə məşğul olan kommersiya qurumlarına uzunmüddətli müqavilə bağlamaq imkanları yaradır və nağd satışla bağlı hər hansı problem olacaqsa, kirayə ödənişi kimi müqavilələrin imzalanması və kirayənin sonunda mənzilin kirayənişinə verilməsi ilə bağlı müqavilənin mexanizmi hazırlanır, qanuni əsası yaradılır. Bunun nəticəsində də tikinti şirkətlərinin bu mexanizmdən istifadə edərək evlərin satılması ilə bağlı yeni öhdəlikləri yaranacaq. Ancaq burada müəyyən problemlər də yaşana bilər. Çünki şirkətlər bu tipli müqavilələrə üstünlük verərkən müştərilər daha diqqətli olmalıdırlar. Bağlanan müqavilələr hüquqşünasın iştirakı ilə incələnməlidir. Çünki şirkətlər gələcəkdə baş verəcək inflyasiyaların və devalvasiyaların öhdəliyini tamamilə vətəndaşın çiyninə qoymağa çalışacaqlar. Hər il inflyasiya olur, inflyasiya ilə bağlı indeksləşmənin aparılmasını müqaviləyə sala bilər. Gələcəkdə manatın dəyərdən düşməsi baş verərsə, yarana fərqi vətəndaşın üzərinə qoya bilər. Çünki söhbət böyük bir zaman  kəsimindən, 3 ildən 25 ilə qədər bir müddətdən gedir. 3 ildə çox şey baş verə bilər, 25 ildə isə daha çox dəyişikliklərin olması, manatın məzənnəsinin dəyişməsi, inflyasiyanın sürətlənməsi ehtimalı da çoxdur. Ölkə iqtisadiyyatı neftdən asılıdır, neft bazarındakı bütün hərəkətlilik daxili maliyyə bazarına da təsir göstərəcək. Ona görə də bu tip müqavilələrin bağlanmasının hüquqi əsası yaradılması pozitiv bir haldır. Ancaq müqabilə bağlayarkən vətəndaşlar hüquqi yardım almalıdırlar. Müqavilədə baş verə biləcək devalvasiyalar və inflyasiyanın artması zamanı məsuliyyətin bölgüsü prinsipinə əməl edilməsi qeyd edilməlidir. Əgər bu məsuliyyət vətəndaşların çiynində olarsa, bu cür hallarda ödənişlərin artması baş verəcək. Bu isə bir müddət sonra vətəndaşların həmin məbləği ödəyə bilməməsinə gətirib çıxara bilər ki, nəticədə mənzillər onların əlindən alına bilər".

 

N.Cəfərlinin sözlərinə görə, burada müqavilə imzalanarkən ilkin ödəniş tələbi də qoyula bilər: “Müqavilə 3 ildən 25 ilə qədər bir müddətdə imzalana bilər. Bakı şəhərindən orta hesabla bir mənzilin qiymətini 100 min manat götürsək və 3 ilə bölsək, bu aylıq 3000 manatdan çox bir vəsaitin ödənilməsi deməkdir. Azərbaycanda ay ərzində 3000-3500 manat ödəyə biləcək müştəri çox azdır. Çox güman ki, uzunmüddətli müqavilələr bağlanacaq. Bu səbəbdən müəyyən hissəsi ilkin ödəniş kimi ödənilə bilər. Məntiqi olaraq ipoteka kreditləri ilə ciddi bir fərqi yoxdur. Sadəcə, şirkətlər əvvəllər yalnız banklar vasitəsilə ipoteka müqavilələri  bağlaya bilirdilərsə, indi birbaşa özləri də belə müqavilələr bağlaya bilərlər. Tikinti şirkətləri bankın iştirakı olmadan öz müştərisi ilə müqavilə bağlaya bilər. Əsas üstünlük bu prosedurların daha çevik və daha tez həyata keçirilməsidir. Ümumilikdə isə elə bir ciddi fərqdən söhbət getmir. Müştəri ilkin ödəniş də ödəyə bilər, mənzilin qiymətinin yarısını da başdan verə bilər. Əslində tikinti şirkətləri tərəfindən buna bənzər müqavilələr bağlanırdı. Lakin həmin müqavilələrin hüquqi təminati zəif idi. Bu fərman artıq hüquqi təminat yaranır, müştəri ilə şirkətlər arasında  münasibətlərin tənzimlənməsi prosedura yaradılır. Təkrar qeyd edirəm ki, bu məsələdə vətəndaşlar çox diqqətli olmalı, belə müqavilələr bağlayarkən vəkilin iştirakı ilə oxuyaraq müqaviləni imzalamalıdırlar”. ("Yeni Müsavat")

Facebook