Keçmiş MTN polkovniki həbsdən buraxıldı

Keçmiş MTN polkovniki həbsdən buraxıldı

MTN-in İstintaq İdarəsinin şöbə rəisi olmuş Vüsal Ələkbərov həbsdən buraxılıb. Bu barədə AzadlıqRadiosuna daxil olan məlumatda bildirilir ki, keçmiş MTN polkovnikinin işinə Xəzər Rayon Məhkəməsində baxılıb.

Məhkəmə Vüsal Ələkbərovun vaxtından əvvəl azadlığa buraxılması barədə ərizəsini təmin edib. O, saxlandığı 9 saylı Cəzaçəkmə Müəssisəsindən buraxılıb.

Ələkbərov 2015-ci ildə MTN ətrafında keçirilən əməliyyat zamanı həbs olunan 20-dən artıq vəzifəli şəxslərdən biri idi.

O, CM-in 182 (hədə-qorxu ilə tələb etmə) 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311 (rüşvət alma) və başqa maddələriylə təqsirli bilinib və Bakı Hərbi Məhkəməsinin hökmüylə 12 il azadlıqdan məhrum edilib.

Hökmdə onun polkovnik rütbəsinin alınması, üzərinə həbs qoyulmuş 1 milyon 277 min manatlıq əmlakının (həyat yoldaşı Şəhla Ələkbərovanın adına rəsmiləşdirilmiş Səbail rayonu, Badamdar qəsəbəsində 0.18 hektar torpaq sahəsi və orada yerləşən fərdi yaşayış evi, Yasamal rayonu, Şərifzadə küçəsindəki mənzil) müsadirə olunub zərərçəkmişlərdən Akif Qurbanova dəymiş ziyanın ödənilməsinə yönəldilməsi də yer alıb.

Daha sonra Bakı Apellyasiya Məhkəməsi 12 illik cəzanı 5 ilə endirilib. Ancaq rütbə və əmlakla bağlı məsələ isə dəyişdirilmədən saxlanılıb.

Vüsal Ələkbərovun hədə-qorxu gəlib, yaxud qanunsuz həbs edib böyük məbləğdə pul aldığı iddia olunan zərərçəkmişlərdən yalnız Akif Qurbanovun mülki iddiası təmin edilmişdi. Digər zərərçəkmişlərlə bağlı məsələdə isə Bakı Hərbi Məhkəməsi belə nəticəyə gəldi ki, həmin pullar Vüsal Ələkbərova rüşvət kimi verilib, buna görə də onların mülki iddiaları təmin oluna bilməz.

Zərərçəkmişlərdən Nizami Kazımov 2 milyon dollar, Hüseyn Səfərov 2 milyon dollar, Elşən Mədətov 250 min dollar, Mehrac Qurbanov 200 min dollar, Namil Rzayev 500 min dollar, Müsənnif Salahov isə 600 min manatlıq mülki iddia qaldırmışdı. Onlar da apellyasiya şikayəti vermişdilər.

Vüsal Ələkbərov ittihamları qəbul etmir, əmlakının müsadirə olunmasıyla da razılaşmırdı: “Mənə mütəşəkkil dəstənin tərkibində cinayət törətmək haqda ittiham verilib. Amma mütəşəkkil dəstənin kimlərdən ibarət olduğu müəyyən edilməyib. Mənim əmlakımın müsadirə edilib Akif Qurbanova verilməsi məsələsi də hökmdə öz əksini tapıb. Niyə? Əgər cinayəti mütəşəkkil dəstə törədibsə, mən niyə ödəməliyəm? Bu qədər ədalətsizlik olmaz axı…”

Vüsal Ələkbərov haqqında hökmdə sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov və nazirliyin İstintaq İdarəsinin rəisi olmuş Mövlan Şıxəliyevin barəsində cinayət işi başlanması üçün prokurorluğa təqdimat göndərilməsi məsələsi də öz əksini tapmışdı. Hökmün çıxarılmasından 6 aydan çox vaxt keçsə də, həmin məsələdən xəbər yoxdur.

Facebook