Kanal rəhbərinin vəsatətləri təmin edilməyib

Noyabrın 24 -də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mirzə Xankişiyevin sədrliyi ilə "Kanal 13" internet televiziyasının direktoru Əziz Orucovun işi üzrə məhkəmə prosesi keçirilib. Prosesdə jurnalistin özü və vəkilləri Əlibaba Rzayev, Cavad Cavadov, eləcə də media, ictimaiyyət və səfirlik nümayəndələri də iştirak ediblər.
İlk olaraq məhkəmə araşdırması üzrə istintaqın tamamlanıb tamamlanmaması ilə bağlı hökmə tərəflərin münasibəti öyrənilib. Lakin müdafiə tərəfi bunun tərəfdarı olmadıqlarını məhkəməyə bildirərək, bir neçə vəsatətlə çıxış ediblər. Vəkillər qeyd ediblər ki, iş üzrə əlavə şahidlərin çağırılmasına ehtiyac var. Çünki yoxlama aktı tərtib olunmuşdu və əslində ittihamın mahiyyəti ilə bağlı olan yeganə sənəd elə o aktdır, onun əsasında da ekspert rəy vermişdi. 3-4 nəfər aktı imzalayan şəxslərdir, 1 nəfər də ekspertin özüdür. Digər vəsatət də Anar Orucovun dindirilməsi ilə bağlı olub. Çünki Qafqaz Media və Tədqiqatlar Mərkəzinin rəhbəri Anar Orucovdur, sənədlərdə Əziz Orucovla yanaşı Anar Orucovun da adı keçir, çünki o da təşkilatın rəhbəri olub, halbuki bunu təsdiq edən heç bir sənəd-sübut yoxdur. Sonuncu vəsatət də CM-nin 192-ci maddəsinə (qanunsuz sahibkarlıq) şərh verilməsi ilə bağlı konstitusiya məhkəməsinə müraciət olunması barədə olub. Lakin məhkəmə heç bir vəsatəti təmin etməyərək, növbəti məhkəmə prosesinin 5 dekabrda davam edəcəyini elan edib.
Qeyd edək ki, Ə.Orucov 2017-ci il mayın 2-də polisə müqavimət ittihamı ilə saxlanılıb, ona məhkəmə 30 sutka inzibati həbs cəzası barədə qərar çıxarıb. İyunun 1-də isə Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində onun haqqında cinayət işi başlanıb, ona Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham verilib. Həmin gün Nəsimi Rayon Məhkəməsinin qərarı ilə Ə.Orucovun barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.