Kadırov: "Hər şeyi kənara qoyub Əqsanı qorumağa hazıram"

Eastnews.org-un verdiyi xəbərə görə, Rusiya Federasiyasına bağlı Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov səlahiyyətlərini bir kənara qoyub həyatının qalan hissəsini Qüdsün Məbəd təpəsindəki Əqsa məscidini qorumağa həsr etməyə hazır olduğunu bildirib.

Kadırov Telegramdan verdiyi açıqlamada "Səlahiyyətlərimi bir kənara qoyub, bütün müsəlmanlar üçün müqəddəs olan bu yerin təhlükəsizliyini təmin edən birliklərdə xidmət etməyə, könüllü olaraq həyatım boyu Əqsa məscidini qorumağa hazıram", - sözlərini qeyd edib.

İsrail polisi 14 iyulda Əqsa məscidinə silahlı hücum həyata keçirdiyini iddia etdiyi 3 fələstinlini öldürmüşdü. Hadisədə yaralanan 2 İsrail polisinin isə aparıldıqları xəstəxanada öldüyü açıqlanmışdı. Hadisədən sonra Əqsanı ibadətə bağlayan İsrail qüvvələri Hərəmi Şərifin iki qapısını 16 iyulda açıb, ancaq qapılara metal detektorlar yerləşdirmişdi. Yaşanan şiddət hadisələrində 4 fələstinli ilə 3 israilli mülki vətəndaş ölüb.