Jurnalistlər Vəkillər Kollegiyasını məhkəməyə verir

Jurnalistlər Xədicə İsmayıl və Aynur Qəmbərova (Elgünəş) Vəkillər Kollegiyasını məhkəməyə verir.

Buna səbəb isə Vəkillər Kollegiyasının onların hüquqlarını müdafiə edən vəkil Yalçın İmanov haqqında verdiyi qərardır.

Kollegiyanın Rəyasət Heyətinin qərarı ilə Yalçın İmanovun vəkillik fəaliyyəti dayandırılıb. Jurnalistlər iddia edir ki, bu qərarla onlara həm maddi ziyan vurulub, həm də mənəvi.

“Yalçın İmanovla müqaviləm var. Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İstintaq İdarəsində istintaqı davam edən cinayət işi üzrə bir neçə dəfə dindirməyə çağrılmışam. Sonuncu dindirmə vəkilim Yalçın İmanovun iştirakı ilə keçirildi. Digər tərəfdən, ölkədən çıxışıma məhdudiyyət qoyulub. Bununla bağlı da məhkəmə işlərim var, şikayətim üzrə Avropa Məhkəməsində kommunikasiya mərhələsi başlayıb. Bu qadağanın aradan qaldırılmasından ötrü yenidən ölkə daxilində məhkəməyə müraciət etməli olsam, artıq Yalçın İmanov mənim hüquqlarımı müdafiə edə bilməyəcək. Çünki fəaliyyəti dayandırılıb”, – Aynur Elgünəş bildirib.

Jurnalist deyir ki, yeni vəkillə müqavilə bağlamaq onun üçün əlavə xərcdir. Onun sözlərinə görə, əsas məsələ həm də hüquqlarının müdafiəsini etibar etdiyi şəxsə güvəndir: “Vəkillər Kollegiyasının 800-dən artıq üzvü olsa da, onların arasında gerçəkdən vəkilliklə məşğul olan, tənqidçi jurnalistləri müdafiə etməyə cəsarəti çatan, beynəlxalq hüququ, Avropa Məhkəməsi təcrübəsini bilən vəkillərin sayı çox azdır. Sağ olsun Vəkillər Kollegiyasının yeni rəhbərliyi, həmin azsaylı vəkilləri də bir-bir Kollegiyadan çıxarır. Mən kiminlə müqavilə bağlayım? Hüquqlarımın müdafiəsini kimə etibar edim?”

Jurnalistlər Vəkillər Kollegiyasına qarşı iddia ərizəsini yaxın günlərdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərəcək. A.Elgünəş deyir ki, yerli məhkəmələr iddianı təmin etməsə, bu iş də Avropa Məhkəməsi müstəvisinə çıxarılacaq.

Bu deyilənlərə Vəkillər Kollegiyasından açıqlama almaq, hələlik, mümkün olmayıb. Ancaq kollegiyanın sədri Anar Bağırov bu yaxınlarda müsahibəsində vəkillərin qurumdan qərəzli şəkildə kənarlaşdırılması barədə deyilənləri “əsassız” adlandırmışdı. (AzadlıqRadiosu)