Jurnalistlər Əfqan Muxtarlının məhkəməsinə buraxılmayıb

Vəkil: "Əfqanın dəmir barmaqlıqlar arxasından çıxarılmasına icazə verilmədi”
 
Dekabrın 14-də Balakən Rayon Məhkəməsində jurnalist Əfqan Muxtarlının məhkəməsi davam edib. Prosesi işıqlandırmağa gələn jurnalistlər içəriyə buraxılmayıb. Təqsirləndirilən tərəf bunu açıq məhkəmə formatının pozuntusu kimi qeyd etsələr də, etirazları nəzərə alınmayıb.
 
Prosesdə baş verənlər barədə məlumat verən vəkil Elçin Sadıqov Meydan TV-yə deyib ki, məhkəmə baxışından əvvəl vəkillər yenə də Əfqan Muxtarlının dəmir barmaqlıqlar arxasından çıxarılıb vəkillərin yanında oturması üçün vəsatət qaldırıb. Lakin vəsatət təmin olunmayıb. Halbuki noyabrın 30-da keçirilən prosesdə bu vəsatətə təmin edilmişdi.
 
Bundan sonra vəkil Elçin Sadıqovun Əfqan Muxtarlının təqsirsizlik prizumpsiyası ilə bağlı sənədlərin işə əlavə olunması barədə vəsatəti müzakirə edilib və təmin olunub.
 
Dövlət ittihamçısı ittihamı elan etdikdən sonra Əfqan Muxtarlı ifadə verib. Bildirib ki, onu Gürcüstandan oğurlayaraq Azərbaycana gətiriblər. O, oğurlanan zaman işgəncəyə məruz qaldığını vurğulayıb.
 
Daha sonra zərərçəkmiş və şahidlər ifadə verib.
 
Elçin Sadıqovun verdiyi məlumata görə, 4 şahid və 1 zərərçəkənin ifadəsi dinlənilib:
 
"Şahid və zərərçəkənlərin bir-birindən fərqli, ziddiyyətli ifadə verməsi cinayət işinin açıq-aşkar saxta olmasını sübut edir. Bundan başqa, proses gedərkən zalın qapısı açıq qoyulmuşdu və şahidlər içəridə baş verənləri eşidirdi. Bizim etirazımızdan sonra cəmi bir şahidin ifadəsi zamanı etirazımız təmin olundu. Əfqan həmin ifadələrin yalan olduğunu deyirdi və onları doğru danışmağa çağırırdı”.
 
Məhkəmə fasilə elan edib.
 
Oturum izni ilə Gürcüstanda yaşayan jurnalist mayın 29-u Azərbaycanda həbs edilib. Dediyinə görə, Tbilisidə saxlanıb, ona işgəncə verilib, zorla sərhədə gətirilərək Azərbaycan tərəfinə təhvil verilib. Üstəlik, cibinə 10 min avro pul qoyulub.
 
Azərbaycan hökuməti isə jurnalisti Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə hakimiyyət nümayəndəsinə müqavimət və ya zor tətbiq etmədə ittiham edir. Bundan başqa, ona 318.1, 206.1 maddələr ilə - sərhədi qanunsuz keçmə və qaçaqmalçılığa görə də ittiham irəli sürülüb. Beynəlxalq hüquq müdafiə təşkilatları Əfqan Muxtarlının siyasi məhbus kimi tanıyır.