Jurnalistin son sözü: "Mən bu qərara sadəcə gülürəm"

Əfqan Sadıqovun barəsindəki məhkəmə qərarı qüvvədə qaldı

Şirvan Apelyasiya Məhkəməsi mayın 26-da həbsdə olan jurnalist Əfqan Sadıqovun şikayətini təmin etməyib.

Məhkəmə prosesində jurnalistin vəkili Elçin Sadıqov çıxış edib.

“Bu işin açar nöqtəsi ondan ibarətdir ki, Əfqan Sadıqovun xəsarət yetirdiyi bildirilən qadınla bağlı tibbi sənədlər saxtalaşdırılıb. Xəstəlik tarixçəsindən görünür ki, zərərəçəkən saat 15:30-da xəstəxanaya daxil olub. İcra hakimiyyətinin aktında göstərilir ki, “təcili yardım” jurnalistin zərər yetirdiyi iddia olunan şəxsi saat 10.30-da xəstəxanaya aparıb. Şahid ifadələri, müstəntiqin hazırladığı sənədlərdə də bu uyğunsuzluq aşkar görünür. Bu, göstərir ki, cinayət işi saxtadır”, vəkil deyib.

O, məhkəmədən Ə.Sadıqov barəsində Cəlilabad rayon Məhkəməsinin çıxardığı hökmün ləğv edilməsini, jurnalistə bəraət verilməsi barədə qərar çıxarılmasını istəyib.

Əfqan Sadıqov özünü günahkar bilmədiyini bildirib.

“Mənim bir cinayətim var. Mən yazılarımda deyirdim ki, vətəndaşlar bir kiloqram broyler toyuğu budu almağa pul tapmır, nazir balaları isə ayı əti yeyir. Kəndlərimizdə insanlar isinmək üçün təzək yandırır, ancaq hökumət kilsələrə pulsuz qaz verir. Əgər bunları yazmaq cinayətdirsə, mən ittihamlarla razılaşaram. Məni yolumdan döndərmək istətyirdilər, ancaq bildirmək istəyirəm ki, həbsdən sonra da fəaliyyətimi davam etdirəcəyəm. Mən bu yolu seçmişəm, yolum dəfələrlə məhkəmələrdən keçsə də ondan dönən deyiləm”, deyən Ə.Sadıqov iş üzrə zərərəçəkənə barmağının belə toxunmadığını bildirib.

“Üzümə duranları anlayıram. Onlara bunu da demək istəyirəm ki, həbsdən çıxıb əzilən sizin, üzə durmağa məcbur edilən zavallı insanların hüquqlarının müdafiəsində dayanacağam”, jurnalist son sözünü bu ifadələrlə bitirib.

Məhkəmə müşavirədən sonra Cəlilabad rayon Məhkəməsinin Ə.Sadıqovu 2 il 6 ay müddətinə azadlıqdan məhrum edən hökmünü olduğu kimi qüvvədə saxladığını elan edib.

Həbsdəki jurnalist Əfqan Sadıqov Şirvan Apelyasiya Məhkəməsinin barəsindəki qərarına belə reaksiya verib:

“Yeni Azərbaycan Partiyası hakimiyyətinin ədalət sistemindən bundan artıq gözləntim yox idi. Mən bu qərara sadəcə gülürəm. Ədalət sisteminiz, doğrudan da, gülməlidir..."

Meydan.tv