Jurnalistin ölümünə görə 7 nəfər tutulub

Slovakiyada təhqiqatçı jurnalist Yan Kuçakın qətlində şübhəli bilinən 7 nəfər həbs edilib.

Aktuality.sk internet nəşrinin 27 yaşlı əməkdaşı Yan Kuçak və onun vətəndaş nikahında olduğu xanım Velka-Maka şəhərindəki evdə odlu silahla qətlə yetiriliblər. Onların meyiti fevralın 26-da aşkarlanıb.

Novator.az bildirir ki, jurnalistin qətlinə görə həbs olunanlar arasında italyan əsilli biznesmen Antonio Vadal və onun iki yaxın qohumu da var. Yan Kuçakın ölümündən sonra, fevralın 28-də dərc olunan məqaləsində Antonio Vadal və qohumlarının İtaliya mafiyasına mümkün bağlılığı qeyd edilib.

Yan Kuçak məmurların korrupsiya və vergi cinayətlərində iştirakı ilə bağlı araşdırmaları ilə tanınıb.

Fevralın 26-da baş nazir Robert Fiso jurnalistin qətli ilə bağlı istintaqa yardım göstərəcək şəxsə 1 milyon avro mükafat veriləcəyini açıqlamışdı.  O bildirmişdi ki, əgər cinayətə peşə fəaliyyəti səbəb olubsa, bu, Slovakiyada demokratiya və azad sözə hücum kimi qiymətləndiriləcək.