Jurnalistin məhkəməsi başlayır

Bakı Apelyasiya Məhkəməsi jam.az (Jurnalist Araşdırmaları Mərkəzi) saytının rəhbəri, jurnalist Fikrət Fərəməzoğlunun vəkillərinin apelyasiya şikayətini icraata qəbul edib. Şikayət hakim Namiq Məmmədovun sədrlik etdiyi kollegiyanın icraatına verilib.
 
Jurnalistin vəkillərindən Zibeydə Sadıqova Azadlıq Radiosuna deyib ki, şikayət üzrə ilk məhkəmə iclası avqustun 28-nə təyin olunub.
 
Vəkilləri Apellyasiya Məhkəməsindən 7 il azadlıqdan məhrum edilmiş F.Fərəməzoğlu barəsində bəraət hökmünün çıxarılmasını istəyiblər.
 
Fikrət Fərəməzoğlu Cinayət Məcəlləsinin 182-ci maddəsiylə ittiham olunur. O, müxtəlif restoran, iaşə obyektlərinin sahiblərindən hədə-qorxu ilə pul tələb etməkdə suçlanır. Amma jurnalist ittihamı qəbul etmir, «restoran», «masaj salonu» adı altında fəaliyyət göstərən əxlaqsızlıq yuvalarını ifşa etdiyinə görə sifarişlə həbs olunduğunu bildirir. Onun deməsinə görə, həmin yerləri vəzifəli şəxslər himayə edir.
 
Bu il iyunun 14-də jurnalist 7 il azadlıqdan məhrum edilib.
 
F.Fərəməzoğlu 10 il öncə də cinayət məsuliyyətinə cəlb edilib. Həmin vaxt daxili işlər naziri Ramil Usubov ona böhtan atıldığı iddiası ilə jurnalisti məhkəməyə vermişdi. Nəticədə jurnalistə bir il şərti həbs cəzası kəsilmişdi.