Jurnalistin döyülərək öldürülməsindən 2 il ötür

Bu gün ( 9 avqust ) jurnalist Rasim Əliyevin ölümündən 2 il ötür.
Jurnalist Rasim Əliyev 2015-ci il avqustun 8-də bir qrup şəxs tərəfindən döyülüb. Xəstəxanaya yerləşdirilən R. Əliyevin üzərində cərrahiyyə əməliyyatı aparılıb. O, xəstəxanada vəfat edib. Həmin faktla bağlı Kənan Mədətov, Camal Məmmədov, Samir Mustafayev, Elşən İsmayılov, Arif Əliyev və futbolçu Cavid Hüseynov tutulub.
Bir müddət sonra cinayət işinin materiallarından Cavid Hüseynovun cinayət işi ayrılaraq ayrıca icraata verilib. Səbail rayon Məhkəməsinin ötən il mayın 31-də çıxardığı hökmlə C. Hüseynov 4 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi ötən il oktyabrın 12-də onun cəzasını 1 il 2 aya endirib və C. Hüseynov azadlığa buraxılıb.
 
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Kənan Mədətov və Samir Mustafayevin hər biri 9 il, Camal Məmmədov 11 il , Arif Əliyev 12 il 6 ay, Elşən İsmayılov 13 il müddətinə azadlıqdan məhrum ediliblər. Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apelyasiya şikayəti verərək cəzalarının azaldılmasını istəyiblər. Məhkəmə onların şikayətini təmin etməyib.
 
Beynəlxalq təşkilatlar Azərbaycanda söz və mətbuat azadlğının pozulduğu, jurnalistlər və blogerlərin həbs edildiyi barədə bəyanatlar yayır.
 
"Freedom House” təşkilatı  illik hesabatında Azərbaycanda mətbuatın azad olmadığını deyib.Təşkilatın media azadlığı üzrə siyahısında, Azərbaycan 199 ölkə və ərazi sırasında 190-cı yerdədir.
 
Azərbaycan Sərhədsiz Reportyorların (RWB) 2017-ci il Dünya Mətbuat Azadlığı İndeksində 162-ci yeri alıb, qeyri-hökumət təşkilatının açıqlamasında deyilir.
 
Hazırda Azərbaycanda 9 jurnalist həbs olunub. Beynəlxalq təşkilatlar jurnalistlərin həbsini ölkədə söz və mətbuat azadlığına təzyiq kimi pisləyib.
 
Son 10 ildə Azərbaycanda  dörd jurnalist - Elmar Hüseynov, Alim Kazımlı, Rafiq Tağı ,Rasim Əliyev öldürülüb.
Onlarla müstəqil jurnalist və bloger son aylar ölkəni tərk etməyə məcbur olub.
 
Ölkə rəsmiləri isə beynəlxalq təşkilatların bəyanat və hesabatlarını qəbul etmir və qərəzli sayır.
 
Prezident İlham Əliyev çıxışlarının birində bildirib ki, ölkəmizdə əgər azad internet fəaliyyət göstərirsə, senzura yoxdursa, əhalinin 75 faizi internet istifadəçisidirsə, mətbuat azadlığının məhdudlaşdırılmasından necə danışmaq olar?! Əgər sosial şəbəkədə - "Facebook”-da və "Twitter”-də 2 milyon insanımız varsa, mətbuat azadlığını necə məhdudlaşdırmaq olar?! Biz qarşımıza bu cür siyasi məqsəd qoymamışıq.
 
Prezident çıxışında jurnalistlərin həbsinin sadəcə onların cinayət törətmələri ilə əlaqələndirərək, bununla Azərbaycanda mətbuat azadlığını tənqid edənlərin məsələyə "konetekstdən kənar" baxdıqlarını deyib.