Jurnalist həbs təhlükəsiylə üzləşdiyini deyir

Jurnalist həbs təhlükəsiylə üzləşdiyini deyir

Criminal.az saytının baş redaktoru Anar Məmmədov yenə həbs təhlükəsiylə üzləşdiyini deyir. Gəncə hadisələri barədə yazılarına görə üzərində 5 il 6 aylıq şərti cəza olan A.Məmmədovu "Lombard N:1" firmasının rəhbəri Məlahət Qurbanova da məhkəməyə verib. Xüsusi ittiham qaydasında iddia qaldıran lombard sahibi jurnalistin həbs olunmasını tələb edir.

M.Qurbanova saytda yayımlanan məqalədə "Lombard Məlahət" kimi təqdim olunmasını şərəf və ləyaqətinin alçaldılması, işgüzar nüfuzuna zərbə kimi qiymətləndirir. Jurnalistə qarşı iddianı araşdıran Ağdam Rayon Məhkəməsi sözügedən məqaləni aylar öncə ekspertizaya göndərmiş, "lombard Məlahət" ifadəsinin təhqir olub-olmadığının müəyyənləşdirilməsini istəmişdi. Artıq ekspertin rəyi məlumdur. Rəydə göstərilib ki, "lombard" sözün lüğəti izahına görə təhqiramiz məna ifadə etmir: "Lakin bu ayama criminal.az saytında bilə-bilə, qəsdən işlədilibsə, onda məqsədyönlü şəkildə Məlahət Qurbanovanın şərəf və ləyaqətini, işgüzar nüfuzunu ləkələyən məlumat hesab edilə bilər".

 

"Çoxu mobil telefonunda onun adını "Lombard Məlahət" kimi yazıb"

A.Məmmədov isə lombard sahibinin iddiasını da, bu ekspert rəyini də əsassız hesab edir. Deyir ki, təhqir ifadə etməyən, rəsmi sənədlərdə yazılan, danışıqlarda istifadə olunan sözlə kimisə təhqir etmək mümkün deyil: "Ekspert bir tərəfdən yazır ki, o ifadə təhqir deyil, o biri tərəfdən yazır ki, bu cür təqdim eləməklə guya onun şərəf və ləyaqətini ləkələmişəm. Birincisi, adamları bir çox hallarda iş yerlərinə, peşələrinə görə təqdim edirlər. İkincisi, mobil telefonlarda nömrə sahiblərini müəyyənləşdirən proqramla da araşdırılsa, görünər ki, Məlahət Qurbanovanı tanıyanların çoxu mobil telefonunda onun adını "Lombard Məlahət" kimi yazıb".

A.Məmmədov iddia edir ki, onun cinayət məsuliyyətinə cəlb olunması üçün belə rəy alınıb.

Ağdam Rayon Məhkəməsi A.Məmmədovun CM-in 147 (böhtan) və 148-ci (təhqir) maddələri ilə cəzalandırılması tələbiylə qaldırılan iddia üzrə qərarını iyunun 4-də verəcək.

Məhkəmə çəkişməsinə səbəb olan məqalədə M.Qurbanova ilə keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərov arasında əmlak mübahisəsindən bəhs olunur.

 

"Bu pis təcrübə tamamilə aradan qaldırılsın"

Media hüququ üzrə ekspert Xalid Ağalıyev deyir ki, jurnalistlərə ictimai müzakirələr kontekstindəki yazılarına görə cinayət məsuliyyəti tələbi ifadə azadlığına uyğun deyil. Hüquqşünasın sözlərinə görə, Avropa Məhkəməsi də Azərbaycanla bağlı bir neçə qərarında "jurnalisti yazısına görə cinayət məsuliyyətinə cəlb etmək olmaz" yanaşmasını ifadə edib: "Həmin qərarlar tələb edir ki, bu pis təcrübə tamamilə aradan qaldırılsın. Məhkəmələrin əlində ekspert rəyinə ehtiyac duymadan belə, şikayətləri dərhal geri çevirmək üçün kifayət qədər qanunvericilik alətləri var. Məhkəmələrimiz həm yerli qanunlara, nadir olsa da, bəzi yerli məhkəmə qərarlarına, Avropa Məhkəməsinin present hüququna istinad edə bilər".

A.Məmmədov 2019-cu ilin martında Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 5 il 6 ay şərti cəzaya məhkum edilib. İddia olunub ki, onun Gəncə hadisələri (sabiq icra başçısı Elmar Vəliyevin davranışı və s.) haqda yazıları bir neçə vətəndaşda narahatlıq yaradıb və onlar jurnalistin cəzalandırılması üçün prokurorluğa şikayət edib.

A.Məmmədov özünü təqsirli bilmir və jurnalist fəaliyyətinə görə cəzalandırıldığını deyir. O, yazılarına görə mütəmadi təzyiqlərə məruz qaldığını, hədələndiyini açıqlayıb. Jurnalistin bu haqda açıqlamalarıyla əlaqədar yanvar ayında daxili i̇şlər naziri Vilayət Eyvazov onu qəbul edərək şikayətlərini dinləmişdi.

Facebook