Jurnalist 2-ci ildir ki, ad gününü həbsdə qeyd edir - Foto-Video

Sentyabrın 21-də Müsavat Partiyasının qərargahında hazırda həbsdə olan jurnalist, jam.az saytının baş redaktoru Fikrət Fərəməzoğlunun 41 yaşı münasibətilə tədbir təşkil olunub. Bu jurnalistin həbsxanada keçirdiyi 2-ci doğum günüdür. Tədbirdə ictimaiyyət nümayəndələri, jurnalistin ailəsi və media nümayəndələri iştirak ediblər. İştirakçılar Fikrət Fərəməzoğlunun ad gününü təbrik edərək eyni zamanda ölkədə mövcud olan və aktuallığını itirməyən siyasi məhbus problemindən bəhs ediblər. 

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin yaydığı məlumata görə, Xətai rayonunda yerləşən restoranlardan birinin sahibi olan paytaxt sakini DİN-ə müraciət edərək İbişbəyli Fikrət Fərəməz oğlunun rəhbəri olduğu "Jam.az” və digər saytlarda obyektinin işgüzar nüfuzuna xələl gətirən materiallar yaydığını, həmin yazıları saytdan çıxarmaq müqabilində bu ilin aprel ayında ondan 1000 manat aldığını və gələcəkdə bu səpkili materialların yazılmaması üçün hər ay 5000 manat tələb etdiyini bildirib. Məlumatda daha sonra F. Fərəməzoğlunun 30 iyun 2016-cı il tarixində həmin şəxsdən eyni üsulla 3000 manat alarkən saxlanıldığı bildirilib. Faktla bağlı Cinayət Məcəlləsinin 182-ci maddəsi ilə (hədə-qorxu ilə tələb etmə) cinayət işi başlanılaraq F. İbişbəyli barəsində həbs-qətimkan tədbiri seçilib. 14 iyun 2017-ci il tarixində Bakı Ağır Cinayətlər Məhkəməsi F. Fərəməzoğlunun 7 il müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb. Bakı Apellyasiya Məhkəməsi 18 sentyabr 2017-ci ildə bu qərardan verilən apellyasiya şikayətini təmin etməyib.