İsrail əsgərinə şillə vuran fələstinli qız məhkəmə qarşısında

Moderator.az xəbər verir ki, İsrail əsgərinə vurduğu sillə ilə gündəmə gələn Ahed Tamimi İsrailin Hərbi Məhkəməsində mühakimə olunub.
 
O, "təhlükəsizlik qüvvələrinə hücum" və "şiddətə səbəb olma" maddələri də daxil olmaqla 12 fərqli maddə ilə təqsirləndirilib. Tamiminin "günahı" təsdiqlənərsə, onu uzun müddətli həbs cəzası gözləyir.
 
Qeyd edək ki, hadisə vaş verəndə o 16 yaşında olub və 17 yaşına həbsdə keçib. Belə ki, o, 15 dekabr 2017-ci ildə qapılarına gələn iki İsrail əsgərinə qışqırıb, şillə vurub və itələyib. Anası Nəriman Tamimi isə hadisəni videoya çəkərək Facebookda paylaşıb. Bir neçə gün sonra səhər evlərinə edilən basqınla Tamimi nəzarətə alınıb. Üstəlik anası da sosial mediada şiddət və hücum təbliğ etməsi bəhanə edilərək, hadisə yerində olan bir qohumu da hücum etdiyinə görə təqsirləndirilib. 
Filistin
Beləliklə bu hadisə Fələstinlilər və İsraillilər arasındakı fərqli münasibətləri bir daha qabardıb. Beynəlxalq AF təşkilatı Tamiminin sərbəst buraxılmasını istəyib və İsraillilərin fələstinli uşaqlara münasibətdə ayrı-seçkilik qoyduğunu dilə gətirib. Ahed Tamimi fələstinlilərin gözündə İsrail işğalına qarşı müqavimətin simvoluna dönsə də, israillilər onu şöhrətpərəst və şiddət düşkünü olan baş bəlası hesab edirlər. 
 
İsrailin Təhsil naziri Naftali Bennet Tamiminin ömürlük həbsə layiq olduğunu bildirib. Bəzi israillilər isə Tamiminin ailəsi tərəfindən buna sövq edildiyini düşünür və onu günahsız hesab edirlər.
 
Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ahed Tamimini cəsarət medalı ilə təltif edib. Tamiminin atası internet üzərindən qızının sərbəst buraxılmasına görə yazdığı ərizəyə 1.7 milyon imza toplayıb. 
 
Baş tutan məhkəmədə Tamimi həmin gün bir qohumunun plastik mərmi ilə başından vurulması videosundan təsirləndiyini bildirib. 
 
İnsan Haqları Təşkilatları bu hadisə ilə İsrailin fələstinli uçaqlara pis münasibətini ortaya qoyduğunu bəyan edib. Belə ki, İsrail ordusunun son 3 ildə 18 yaşdan kiçik 1400 fələstinli uşağı mühakimə etdiyi açıqlanıb.