İŞİD terrorçularının ən qanlı planı ifşa edildi: İmamların (ə) hərəmi və Ayətullah Sistani hədəf seçilmişdi

“ParsToday”-ə istinadən verilən  xəbərə əsasən, İraqın Daxili İşlər Nazirliyi ölkə ərazisindəki ən böyük terror planının qarşısının alınması barədə açıqlama verib. Terrorçular İraq ərazisindəki müqəddəs məkanlara və şiə müsəlmanların ən böyük alimlərindən birinə hücum etməyi planlaşdırırdılar.

Qeyd edilir ki, terrorçular pak imamların (ə) Nəcəf, Kərbəla və Samirra şəhərlərində yerləşən hərəmlərini, həmçinin Ayətullah Seyid Əli Sistaninin evini də partlatmaq niyyətində olublar.

Məlumata görə, terrorçuların əsas hədəfi ölkə ərazisindəki məzhəblər və tayfalar arasında  düşmənçiliyi qızışdırmaq və bu yolla İŞİD-in son ağır məğlubiyyətlərini ört-bastır etmək olub.

İraq DİN-in Kəşfiyyat və Terrorçuluqla Mübarizə üzrə İdarəsinin rəisi Əbu Əli əl-Bəsri məsələ ilə bağlı bildirib ki, İŞİD terrorçuları məlum plan çərçivəsində bir neçə avtomobili partlayıcı ilə yükləmiş və onlarla kamikadze hazırlamışdı. Həmin kamikadzelər isə əsasən digər ölkələrin vətəndaşları olub.

Onu sözlərinə görə, terror cəhdinin ifşasından sonra ölkənin Baş naziri Heydər əl-Abadiyə məsələ ilə bağlı xəbərdarlıq edilib. İraqın Birləşmiş Qüvvələri və HHQ terror planını həyata keçirmək üçün hərəkətə keçməyə hazırlaşan terrorçulara ağır və sarsıdıcı zərbələr endirib.