İraqda İŞİD-in öldürdüyü 550 nəfərlik kütləvi məzarlıq tapıldı - Foto

Türkiyə mediasına istinadən xəbər verilir ki, İraqın Səlahəddin vilayətinin Tikrit şəhərində İŞİD-in törətdiyi qırğınlar nəticəsində ölən insanların basdırıldığı kütləvi məzar tapılıb.

Həmin yerdə aparılan qazıntıda 550 cəsəd çıxarılıb. İraq tibbi ekspertiziya mütəxəssisləri cəsədlərin İŞİD-in ərazidə yerləşən keçmiş ABŞ bazası olan "Speiçer" düşərgəsində öldürdüyü iraqlılara aid olduğunu açıqlayıb. "Həşdi Şabi"-nin komandirlərindən olan Muin Kazimi "550 qurbanın ailələrinə xəbər verdik. Cəsədlərin 200-də DNT testi aparılacaq",- deyə bildirib.

150 qurbanın cəsədinin 2 həftə əvvəl çıxarıldığını deyən Kazimi daha çox cəsəd tapacaqlarını güman etdiklərini və ərazidə İŞİD qətliamında həlak olanların sayının mini keçdiyini deyib. 2014-cü ilin 12 iyulunda İŞİD terrorçuları Tikritdə yerləşən "Speiçer" hərbi məktəbindən əksəriyyəti şiə olan yüzlərlə gənc əsgəri qaçırmış və 1700 əsgəri öldürmüşdü. Hücum olarkən düşərgədə 4000 hərbi məktəb tələbəsi olub.

Terrorçular tələbələri devrilmiş prezident Səddam Hüseynin respublika sarayında öldürmüşdü. İstintaq komitəsi Səddam Hüseynin partiyası olan BAAS partiyasından 57 nəfərin İŞİD-ə cinayətləri törətməkdə kömək etdiyini təsbit etmiş və 36 partiya üzvü soyqırımda günahkar bilinərək asılmışdı.

Tikrit şəhəri 2015-ci ildə İŞİD-dən azad edilib.

Keçən həftə Mosulda qazıntı vaxtı kütləvi məzarlıq aşkar edilib və oradan 30 cəsəd çıxarılmışdı.

İraq ordusu 4 avqustda Ənbar bölgəsində içində 40 meyit olan bir kütləvi məzarlıq tapdıqlarını bildirmişdi.